“Azərbaycanda kəskin devalivasiya olmayacaq” – Ekspert
5 May 2015 16:39 İqtisadiyyat"Neftin qiymətləri və dollar-avro nisbətinin manatın məzənnəsinə təsir edən əsas amillərdir". "Olaylar"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. "Maliyyə naziri Samir Şərifov son çıxışlarından birində düzgün vurğuladı ki, manatın məzənnəsi bazarlarda gedən proseslərdən asılı olacaq. Təbii ki, əsas söhbət neftin qiymətlərindən gedir. Əgər gərginliklər davamlı olsa, müəyyən münaqişələr yenidən alovlansa, neftin qiymətləri 80-90 dollar civarına qayıda bilsə, manat rahat nəfəs ala biləcək. Bu amillər neftin bahalaşmasına yol açacaq ki, bu da manatın məzənnəsinə müsbət təsir edəcək. Çünki dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. Qiymətlər bu civara yaxınlaşdıqca, manatın məzənnəsi artacaq. Əgər neftin qiyməti 65-70 dollar ətrafında qalsa, məzənnənin düşmə ehtimalı olacaq. Mövcud qiymətlər indiki kimi qalsa, Mərkəzi Bank ilin sonuna qədər addım-addım yumşaq devalivasiyaya gedəcək. Çünki Mərkəzi Bank üzən kursa keçib və dünya bazarında avro-dollar nisbətinin də manata təsirini qəbul edib. Yəni, dünya bazarında dollar-avro nisbəti və neftin qiymətləri manata təsir edən əsas amillərdir. Situasiya indiki kimi qalsa, ilin sonunadək yumşaq devilvasiyanın davamlı olacağının şahidi olacağıq. Lakin fevral ayındakı kimi - 35%-lik kəskin devalivasiya olmayacaq" - deyə N.Cəfərli vurğulayıb.
--