“Bakı Gənclər Debat Forumu: Yaz 2015”in finalçıları müəyyənləşib

DVC-in ("Vətəndaş Cəmiyətində Debat" İctimai Birliyi) "Youth İnc." Proqramı və Milli Debat Proqramı çərçivəsində Gənclər və İdman Nazirliyi və "Coca-Cola" şirkətinin dəstəyi ilə  "Bakı Gənclər Debat Forumu: Yaz 2015"in finalçıları müəyyənləşib. Forumda 16 ali təhsil müəssisəsini təmsil edən komandalar "Gənclərin sahibkarlıq bacarıqlarını formalaşdırmaqda biznes-inkubator modeli özünü doğruldur" mövzusu ətrafında müzakirə aparıb. Azərbaycan Dillər Universitetinin ev sahibliyi ilə forumun qrup mərhələsində qeyd olunan mövzuda öz fikirlərini səsləndirən gənclər qrup mərhələsini  uğurla başa vurmaq üçün mübarizə aparıb. Bakı Slavyan Universitetinin ev sahibliyi ilə keçirilən növbəti mərhələyə 8 komanda vəsiqə qazanıb. Sonda oyunlarda yüksək nəticə göstərib final mərhələsinə vəsiqə qazanan Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən 2 komandanın adı açıqlanıb. Həmçinin, forum çərçivəsində iştirakçılardan "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına təkliflər toplanılıb. Qeyd edək ki, forumun sonunda təkliflər Gənclər və İdman Nazirliyinə təqdim olunacaq. Forumun məqsədi gənclərin Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hazırlanan "Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramı üçün təkliflərin verilməsi, iştirakçıların gənclər siyasəti və "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası" Konsepsiyasının məqsədləri və vəzifələri haqqında daha geniş məlumat almasıdır. Qeyd edək ki, 6 may 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində Forumun final mərhələsi baş tutacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31