Manatın stabilləşməsi prosesi gedir
Milli valyutanın məzənnəsində artım dollara psixoloji tələbati azaldıb
28 Aprel 2015 13:26 İqtisadiyyatManatın devalvasiyasından sonra ölkədə manatın kəskin şəkildə azalaşağı ilə bağlı fikirlər səsləndirlirdi. Lakin həyata keçirilən müvafiq tədbirlər nəticəsində irəli sürülən proqnozlar özünü doğrultmadı. Nəinki manat stabilliyini saxladı, hətta qıtlıq yaranacağı tədqirdə belə onun aradan qaldırılması yolları müəyyən edilib. Məsələn, Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bildirib ki, gələcəkdə ölkədə pul çatışmazlığı problemi yaranarsa, onun qiymətli kağızlar vasitəsi ilə aradan qaldırılması gözlənilir. Bununla bağlı "Mərkəzi Bank haqqında" mövcud qanuna da bəzi əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Sədr müavini əlavə edib ki, qanunvericilikdə dəyişikliklər zərurəti pul çatışmazlığı probleminin aradan qaldırılması ilə bağlıdır: "Bildiyiniz kimi, pul çatışmazlığı problemi əsasən məzənnə dəyişikliyi zamanı yaranır. Məzənnə dəyişməsi prosesi də çox dəyişkən bir prosesdir. Ona görə də gələcəkdə pul catışmazlığı probleminin yaranmaması üçün məsələnin qiymətli kağızlar vasitəsi ilə önlənməsi nəzərdə tutulur". O, deyib ki, mövcud qanunun 12.2-ci maddəsinin belə bir redaksiyada- "Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür" redaksiyasında verilməsi təklif olunur. Həmçinin, qanuna edilən əlavədə təklif olunur ki, "Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiynmətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtyatları hesabına təmin olunur". Bununla yanaşı, qanunun 14.2-ci maddəsində nəzərdə tutulur ki, "Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir". Ekspertlərin qənaətinə görə, manat çatışmazlığının aradan qaldırılması məqsədilə belə bir addımın atılması riskli görünür. Ancaq bank rəsmiləri əmin edir ki, qiymətli kağızlar Mərkəzi Bank üçün heç bir risk yaratmır. Çünki qiymətli kağızlarla bağlı məsələdə dövlət də öz üzərinə müəyyən öhdəliklər götürür və bu öhdəliklər öz növbəsində Mərkəzi Bankı hər hansı risqdən uzaq tutur.
Bu arada İqtisadi və Sosial İnkişaf Mərkəzinin ötən həftə valyuta bazarında apardığı monitorinqlərin nəticələrinə görə, vətəndaşların dollara tələbatı azalsa da, biznesin xarici valyuta tələbi kəskin dəyişməyib. Vətəndaşlar daha çox dollar satsalar da biznes subyektləri hələlik xarici valyutalar üzrə ciddi təklif formalaşdırmırlar. Bununla yanaşı, bütövlükdə, dollar təklifinin artdığı müşahidə edilir. Bu isə o deməkdir ki, aprelin əvvəllərində dollar intervensiyasını artıran Mərkəz Bank, ayın digər günlərində valyuta müdaxiləsini azalda bilib. Mərkəzin rəhbəri Vüqar Bayramov bildirib ki, dollara tələbin azalması vətəndaşların əvvəlki aylarda dəyişdirdikləri xarici valyutaları cari xərclər üçün yenidən milli valyutaya çevirməsi ilə bağlıdır. Doğrudur, riskləri sığortalamaq üçün vətəndaşlar yenə də yalnız cari xərclər üçün az məbləğdə valyuta dəyişməyə imkan verirlər. Eyni zamanda, milli valyutanın rəsmi məzənnəsində son 2 həftədə müşahidə edilən müqayisəli artım dollara psixoloji tələbi azaldıb. Azərbaycan neftinin dünya bazar qiymətinin son zamanlar stabilləşməsi də Mərkəzi Banka müəyyən nəfəs verə bilib. Digər tərəfdən, əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının stabilləşməsi də manata təzyiqi azaldıb. Eləcə də, kommersiya banklarının kreditləri, demək olar, yalnız dollar ilə təklif etməsi də bu xidmətdən yararlanan vətəndaşların xarici valyuta təklifini artırıb. Milli valyutanın rəsmi məzənnəsi həftəyə möhkəmlənmə ilə başladı. Təbii ki, əsas sual manatın məzənnəsini növbəti dövrdə necə dəyişməsi ilə bağlıdır. Sözsüz, manatın məzənnəsi inzibati yol ilə tənzimləndiyi üçün, prosesdə bazarın rolu olmadığı üçün proqnoz vermək çox çətindir. Amma milli valyutanın məzənnəsi neftin dünya bazar qiymətindən asılı olmaqla yanaşı, yeni devalvasiya yalnız vətəndaşlara deyil, eyni zamanda kommersiya banklarına və biznesə mənfi təsir göstrərə bilər. Bu xarici valyuta ilə öhdəliyi olan bankların ödənişləri yerinə yetirməkdə ciddi çətinliklə üzləşməsinə, vətəndaşların isə dollar ilə götürülən kreditlərin qaytarılmasında ciddi problemlərə səbəb ola bilər. Buna görə də, Mərkəzi Bank üçün yeni devalvasiya heç də asan qərar deyil. Digər tərəfdən, əgər neftin dünya bazar qiyməti hər barel üçün 70 dollarlıq psixoloji həddi keçib stabilləşərsə, o zaman tədiyyə balansındakı profsit pul dövriyyəsində dollar kütləsini artıracaq ki, bu da manat təklifini azaldacaq. Başqa tərəfdən Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələr ilə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının ölkəmizdə zəif inkişaf etməsi əhalinin qeyri-valyuta yığım imkanlarını xeyli məhdudlaşdırır ki, bu da bütövlükdə dollara tələbin yüksəlməsini şərtləndirir.
Alim