“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança inşa olunacaq

"Neft Daşları" yatağında yeni blok tipli 331 saylı estakadayanı meydança quraşdırılacaq. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, "Neft Daşları" NQÇİ-nin sifarişilə "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında inşa olunacaq estakadayanı meydançanın baş podratçısı "Neftqaztikinti" Trestidir. 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 8 metr dərinliyində yerləşdiriləcək. Meydançada müasir qazma avadanlığı, 37 nəfərlik yaşayış bloku, qaldırıcı kranlar, korroziyadan mühafizə sistemi, minik və yanalma meydançaları, elektrik enerjisi ilə təchizatın etibarlılığını təmin etmək məqsədilə dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaqdır. İnşaat və istismar müddətində meydançada ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. Estakadayanı meydançanın tikintisinin 2016-cı ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31