Neft bazarının yaxın, orta və uzaq perspektivləri

Natiq Cəfərli: “Hələ uzun illər neftin qiyməti 40-70 dollar arasında gedib-gələcək”

İqtisadçı-ekspert Natiq Cəfərli dünya bazarında son iki həftədə neftin qiymətinin artmasına münasibətini açıqlayıb. N.Cəfərli qeyd edib ki, mart ayında açıqlanan hasilat rəqəmləri neftin qiymətinin daha da aşağı enməsinə səbəb olmalı idi. "Dünyada gündəlik neft hasilatı 95-96 milyon bareldir, bunun 30-31 milyon bareli OPEK-in payına düşür. Yəni OPEK-dən kənarda qalan ölkələrin neft bazarına təsiri getdikcə artır. Bazara son illər əsas təsir edə biləcək ölkə - ABŞ-dır, bazar son həftələr ancaq bu ölkədən gələn siqnallara reaksiya verir. Keçən həftə ABŞ-ın strateji neft ehtiyatlarının 5-6 milyon barel artması gözlənilirdi, amma cəmi 1,2 milyon barel artdı. Yəni, yenə artım var, amma artım gözləntilərin altında olduğuna görə bazar isterik reaksiya verdi, neft 5% bahalaşdı. Məsələ budur ki, ABŞ-da hasilat getdikcə azalacaq, bu isə qiymətlərə təsir göstərəcək - açığı, sırf spekulyativ ajiotajdır. Yaxın aylarda neft bazarına qiymətləri aşağı çəkməsinə təsir edəcək amillər var: 1. İranın bazara girmək ehtimallarının yüksək olması; 2. Səudiyyə Ərəbistanı və Rusiyanın bazarlarını itirməmək və qiymət enməsindən itkiləri azaltmaq üçün hasilatı artırmaq siyasəti; 3. İraqın hasilatı artırması; 4. Liviyanın hasilatı 300 min bareldən 1 milyon barelə qədər artırmaq üçün işlərin tamamlanması; 5. ABŞ FED-nin faiz artırmaq ehtimalının yüksək olması; 6. Çinin iqtisadi inkişafının zəifləməsi; 7. ABŞ və Avropada nefti saxlamaq üçün ehtiyat həcmlərin dolaması. Qiyməti yuxarı çəkə biləcək yeganə amil isə, ABŞ-da hasilatın kəskin azalması, yaxud böyük regional müharibələr ola bilər. Regional müharibələri istisna etsək, bazar bu həftə də ABŞ-dan gələn əsas 2 statistikaya köklənəcək: 1. Aprelin 22-də çıxacaq ABŞ neft rezervlərinin həftəlik artım rəqəmləri; 2. Ayın 24-də ABŞ-da işlək buruqların sayının açıqlanması. Düşünürəm ki, bu həftə neft bazarı üçün yönünü bəlli etmək üçün önəmli həftə olacaq. Amma bütün orta və uzun perespektivləri analiz edərkən görünən odur ki, hələ uzun illər neftin qiyməti 40-70 dollar arasında gedib-gələcək" - deyə Natiq Cəfərli qeyd edib. Ekspert Azərbaycanın da baş verəcək prosesləri nəzərə almalı və buna görə, addım atmalı olduğunu bildirib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31