“Banklar kredit portfelinin valyuta strukturunu çevik şəkildə dəyişə biliblər”
Rövşən Ağayev: “Fevralın yekununda valyuta kreditlərinin kredit portfelində payı 27%-dən 40.5%-ə yüksəlib”
15 Aprel 2015 17:23 İqtisadiyyat"Devalvasiya bank sektorunun xarici öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb". Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib. R.Ağayev qeyd edib ki, yanvarın sonundan fevralın sonunadək olan zaman intervalında bankların xarici öhdəliklərinin həcmi manat ekvivalentində 2.5 milyard manat və ya 50%-dək artıb - 4.9 milyard manatdan 7.5 milyard manata yüksəlib. Ekspertin sözlərinə görə, qiymətləndirmələr göstərir ki, bu artımın təxminən 800 milyon manatlıq hissəsi yeni öhdəliklərin yaranması, yerdə qalan hissəsi isə manatın ucuzlaşması nəticəsində valyuta ilə öhdəliklərin milli valyuta ekvivalentində genişlənməsi ilə bağlıdır: "Amma hiss olunur ki, banklar devalvasiyanın mənfi nəticələrindən qorunmaq üçün kredit portfelinin valyuta strukturunu xeyli çevik şəkildə dəyişə biliblər. Yanvarın sonuna nisbətən fevralın yekununda valyuta kreditlərinin kredit portfelində payı 27%-dən 40.5%-ə yüksəlib. Manattın ucuzlaşması ilə bağlı qərar banklar üçün təxminən 1.7 milyard manat həcmində izafi xarici öhdəlik formalaşdırıb. Valyuta kreditlərinin artımı bu xərclərin artımının xeyli hissəsini kompensasiya eləsə də, depozitlərin dollarlaşmasının kredit portfelinin dollarlaşmasından daha üstün sürətlə artması, istənilən halda bankları izafi xərc yükü altında saxlayır". ("OLAYLAR" İA)