“Bankların manatla kredit verməkdən imtina etmələri qanunvericiliyə ziddir”

Natiq Cəfərli: “Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi məsələyə reaksiya verməlidirlər”

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda bankların insanlara manatla kredit verməkdən imtina etmələri barədə yayılan məlumatlara münasibət bildirib. "Olaylar"a açıqlamasında N.Cəfərli qeyd edib ki, bankların milli valyuta ilə kredit verməkdən imtina etmələri qanunvericiliyə ziddir. Azərbaycanda əsas ödəniş vasitəsinin manat olduğunu deyən ekspertin sözlərinə görə, bankların milli valyuta ilə kredit vermələrinə maraqları azalıb. Natiq Cəfərli bankların kredit götürən şəxslərlə valyutalar üzərindən müqavilələr bağlamağa çalışdıqlarını deyib: "Amma bu manatdan tamamilə imtina etməyin lazım olduğu demək deyil. Əgər belə bir addım atılacaqsa bu, ümumilikdə bank və kredit sistemini çökdürə bilər. Dollar və avroyla kredit götürənlərin sayı kəskin şəkildə azalacaq, bu isə bankların gəlirlərinə birbaşa təsir göstərəcək. Çünki bankların əsas gəlir mənbələri kredit müqavilələridir. Belə olan halda bir sıra bankların bazardan çıxması, bankrot olması gündəmə gələ bilər. Bunun qarşısının alınması üçün də Mərkəzi Bank, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi məsələyə reaksiya verməlidirlər. Bu baş vermirsə, nəticədə şaiyələr yayılır. Belə məlumatlar bank sisteminə də mənfi təsir göstərir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31