“Azərbaycanda pul multipilikatoru 1.5-dir”
Rövşən Ağayev: “1000 manat qoyulan depozit iqtisadiyyat üçün, il ərzində 5000 manata çevrilə bilər”
6 Aprel 2015 15:43 İqtisadiyyat"Banka qoyulan hər manat (dollar) əlavə nə qədər pul yaradırsa, bu bank sektorunun nə dərəcədə effektiv və məhsuldar çalışması ilə yanaşı həm də iqtisadiyyatın daha çox pula ehtiyacı olmasının, iqtisadiyyatın daha çox yeni dəyər yaratmaq ehtiyacının göstəricilərindən biri sayılır". Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev məlumat verib. ""Pul multiplikatoru" deyilən bir anlayış var. Bu anlayışın ən sadə izahı budur: Mərkəzi Bankın çap elədiyi hər manatı (dolların, yaxud lirənin) bank sektoru əlavə neçə manata çevirə bilir. Məsələn, siz Mərkəzi Bankın dövriyyəyə buraxdığı nağd manat kütləsindən 1000 manat maaş almısınız və dərhal aparıb banka əmanət kimi yerləşdrmisiniz. Bank da həmin əmanət üçün Mərkəzi Bankda saxlamalı olduğu ehtiyat vəsaitə (məsələn, 5 manatı) toxunmayıb yerdə qalan 995 manatı başqa insanlara (şirkətərə) kredit verib. İnsanlar (şirkətlər) də bu vəsaitlə iş görüb, kiməsə maaş verib. Maaş alan insan, mənfəət götürən şirkətlər də yenidən qazandıqları pulları təkrar hansısa başqa bir banka depozit kimi yerləşdirib. Nəticədə ilkin olaraq 1000 manat qoyulan depozit iqtisadiyyat üçün, məsələn il ərzində 5000 manata çevrilə bilər. Yəni, qoyulan hər manat (dollar) əlavə nə qədər pul yaradırsa, bu bank sektorunun nə dərəcədə effektiv və məhsuldar çalışması ilə yanaşı həm də iqtisadiyyatın daha çox pula ehtiyacı olmasının, iqtisadiyyatın daha çox yeni dəyər yaratmaq ehtiyacının göstəricilərindən biri sayılır. Ən son məlumata görə, Azərbaycanda pul multipilikatoru 1.5-dir. Yəni, Mərkəzi Bankın pul bazasının manat ekvivalentində hər dolları cəmi 0.5 dollar yarada bilir. Ətrafımızda olan qonşularla kiçik bir müqayisə apardım: Fevral ayınını sonuna olan məlumata görə, Qazaxıstanda bank sektorunda hər dollar 1.5, Rusiyada isə təxminə 4 dollar yaradıb" - deyə R.Ağayev bildirib. Ekspert bu ölkələrlə Azərbaycan arasında fərqlərin olduğunu vurğulayıb.