“İranın Azərbaycanla bağlı həyata keçirdiyi enerji layihələri aktuallaşa bilər”
Elxan Şahinoğlu: “Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi”
3 Aprel 2015 14:15 İqtisadiyyat"Yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər". "Olaylar"ın məlumatına görə, İran-ABŞ arasında əldə olunmuş nüvə anlaşmasına münasibət bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu belə bir fikirlə çıxış edib. "İrana qarşı iqtisadi sanksiyalar ortadan qaldırılır, xaricdəki bank hesabları və maliyyəsi geri qaytarılacaq. Az qala 10 ildir davam edən gərgin müzakirələrə son qoyulur. Beynəlxalq aləm İranın nüvə silahı yaratmayacağına dair Tehrandan tutarlı təminat alıb. Bu gedişat bölgədəki duruma da təsir edəcək. Vaxt var idi, Qərb və İsrail mətbuatı İrana qarşı hava zərbələrində Azərbaycanın da adını çəkirdi. Bundan çıxış edən İran mətbuatı və generalları bizi hədəf seçmişdilər. Halbuki, açıq-aşkar dezinformasiya idi, Azərbaycan mümkün hərbi qarşıdurmada neytral qalacaqdı. İndi bu söz-söhbətlər arxada qaldı. ABŞ və Avropa Birliyinin İŞİD, Suriya, İraq və indi də Yəmənlə başı ağrıyarkən, İran məsələsi gündəmdən çıxdı. Tehran da Yaxın Şərqdə yaranan gərgin durumdan öz xeyrinə məharətlə istifadə etdi. Demək, yaxın müddətdə İranın Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi enerji layihələrinə qoşulması mövzusu aktuallaşa bilər. Bu bizim xeyrimizədir. Ən azı İran əvvəlki kimi bütün məsələlərdə Rusiyanın ortağı olmayacaq" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" iA)