Manatın yenidən möhkəmlənməsi mümkündür
Ekspert: “Neftin qiyməti və Azərbaycanın dövlət gəlirləri artarsa...”
1 Aprel 2015 17:37 İqtisadiyyatMərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov manatın devalvasiyasından sonra qeyri-müəyyənlik yaranan kredit borclarının hansı valyuta ilə ödənilməsi məsələsinə aydınlıq gətirib. Baş bankir Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında çıxışı zamanı qeyd edib ki,
manatla götürülən kreditlərin sonradan müştərilərdən dollarla ödənilməsinin tələb olunması böyük və çox ciddi qanun pozuntusudur: "Əgər Azərbaycan vətəndaşlarından, bank müştərilərindən kimlərsə belə hallarla üzləşiblərsə Mərkəzi Banka müraciət etsinlər, biz bu qanun pozuntusuna yol verənlərlə bağlı çox ciddi və sərt tədbirlər görəcəyik". E.Rüstəmov 21 fevral manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərlə bağlı yaranmış problemə də toxunaraq bildirib ki, banklar vətəndaşlara həm manat, həm dollarla kredit götürməyi təklif edə bilərlər və bunu da edirlər: "Bank bildirir ki, mən bu gün dollarla kredit verirəm, faizi də, şərtləri də budur və sair. Vətəndaşlar da, müştərilər də bu zaman özləri seçim edirlər. Yəni, kimsə onların seçiminə müdaxilə etmir. Odur ki, vətəndaşlar kredit götürərkən onları gözləyə biləcək risqləri də nəzərə almalıdırlar. Yəni, dollarla götürülən kreditlər dollarla da ödənilməlidir, burada kurs əsas deyil. Ancaq bu yöndə problemləri həll etmək üçün Mərkəzi Bank olaraq yalnız öz tövsiyəmizi verə bilərik, indiyə kimi də belə etmişik. Tövsiyə edirik ki, banklar kreditlərin ödəmə müddətini xeyli uzatsınlar, eyni zamanda, faiz dərəcələrini aşağı salsınlar". Xatırladaq ki, bu arada manatın məzənnəsinin yenidən enəcəyi barədə şayiələr yayılmaqdadır. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, fevralın sonunda manatın qəfil və kəskin ucuzlaşmasından ötən müddətdə təkrar ucuzlaşma ehtimalı dəfələrlə müzakirə mövzusu olub. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə bununla bağlı açıqlama verərək, ilin sonuna qədər təkrar ucuzlaşmanın olmayacağını bildirib. Baş bankir onu da vurğulayıb ki, ilin sonuna qədər manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir. Onun sözlərinə görə, manatın məzənnəsi ilə bağlı proqnoz vermək çətindir: "Çünki manatı bazar tənzimləmir. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənir. Bəzi hallarda əsassız olaraq 1 dolların 2 manat olacağı və manatın yaxın vaxtlarda yenidən kəskin devalvasiya olunacağı ilə bağlı açıqlamaların yayılması əslində düzgün olmamaqla yanaşı, peşəkar yanaşma deyil. Manatın yenidən kəskin ucuzlaşacağı ilə bağlı məlumatların yayılması dollara tələbatı artırır. Dollara tələbat artdığı üçün Mərkəzi Bankın intervensiya xərcləri çoxalır. Nəticədə də dolların manata təzyiqi güclənir." Ekspert qeyd edib ki, manatın növbəti dövrdəki məzənnəsi birbaşa dünya bazarında neftin qiymətindən asılı olacaq. Çünki neftin dünya bazarında olan qiyməti Azərbaycan ixracatının çəkisini müəyyənləşdirir və eyni zamanda bu, birmənalı şəkildə ixracatda profisitin həcmini müəyyənləşdirən əsas faktordur: "Əgər neftin dünya bazarında qiyməti bu səviyyədə qalacaqsa praktiki olaraq növbəti aylarda Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlayacaq. Xüsusilə manata olan inamın bərpa edilməsi üçün növbəti aylarda manatın müqayisəli şəkildə möhkəmlənməsi də ola bilər. Bu, manatın devalvasiyasından ötən bir ayda müşahidə edilir. Manatın kəskin möhkəmlənəcəyi isə proqnozlaşdırılmır." İqtisadçının sözlərinə görə, ilin ikinci yarısında isə neftin qiyməti və Azərbaycanın dövlət gəlirləri artarsa, manatın yenidən möhkəmlənməsi mümkündür. İndiki məqamda isə proqnoz vermək çətindir: "Növbəti aylarda Mərkəzi Bank müəyyənləşdirdiyi təxminən 8 faizlik dəhliz daxilində manatın məzənnəsini dollara nisbətən dəyişməyə çalışacaq. Çalışacaq ki, ən azı iyun ayına qədər kəskin azalma qeydə alınmasın. Həmin dəhliz daxilində manatın məzənnəsi dəyişsin. İlin ikinci yarısında isə qonşu ölkələrdə valyutaların vəziyyəti və dünya bazarında neftin qiymətinə əsasən proqnoz vermək mümkün olacaq." V.Bayramov açıqlamasında onu da bildirib ki, Mərkəzi Bank tərəfindən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Həmin təkliflər yaxın vaxtda təqdim olunacaq". O, təkliflər paketində iki mühüm yeniliyin olduğunu diqqətə çatdırıb: "Əvvəla, həm sosial, həm adi ipoteka üçün maksimum məbləğin artırılması nəzərdə tutulub. Nəzərə alaq ki, hər iki kredit növü üzrə hazırda maksimum məbləğ 50 min manatdır. Təbii ki, bu məbləğ əmlak bazarındakı mövcud qiymətlərə uyğun deyil. Buna görə də maksimum məbləğin artırılması nəzərdə tutulub. Güman olunur ki, ipoteka kreditlərində maksimum məbləğ 50 mindən 75 min manatadək artırılacaq. Bu, ipoteka kreditlərinin səmərəliliyini mənzil bazarındakı qiymət səviyyəsinə uyğun olaraq müəyyən qədər yüksəltməyə imkan verəcək. Eyni zamanda, ipoteka kreditlərinin verilməsi zamanı ilkin ödənişin gənc ailələr üçün ləğv edilməsi də təkliflər siyahısındadır. Mərkəzi Bank bunun üçün iki praktikadan istifadə etmək niyyətindədir. Bunlardan birincisi, əmanət tipli bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılmasından, ikincisi, ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılmasından ibarətdir. Bu isə imkan verəcək ki, zəmanət fondu vətəndaşlara 100 faizlik kredit verə bilsin. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka kredit əldə edə biləcək". Vüqar Bayramov təkliflər paketindəki ikinci mühüm yeniliyin regionlara veriləcək ipoteka kreditlərinin məbləğinin artırılmasından ibarət olduğunu bildirib:"Bu gün regionlara verilən kreditlərin məbləğində xeyli azalmalar var. Eyni zamanda, regionlar ipoteka kreditlərindən tam olaraq istifadə edə bilmədiyi üçün regionlara verilən ipoteka kreditlərinə limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Həmin limitlər daxilində ipoteka kreditinin təqdim olunması planlaşdırılıb. Bu, o deməkdir ki, məsələn, ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Sonda bir daha qeyd edim ki, ipoteka proqramına edilən dəyişikliklər - maksimum məbləğin artırılması və gənc ailələr üçün ilkin ödənişin ləğv edilməsindən, eyni zamanda, regionlar üçün ipoteka kreditlərinin müəyyənləşdirilməsindən ibarət olacaq".
Alim