Belarus Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə nazir Əli Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib. Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqda da fikirlərini paylaşıb. Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31