“Azərbaycanın tədiyyə balansı mənfi saldoya keçə bilər”
Rövşən Ağayev: “Azərbaycan vətəndaşları xaric səfərlərdə 3 milyard dollardan çox xərcləyib”
30 Mart 2015 14:50 İqtisadiyyatİqtisadçı-ekspert Rövşən Ağayev Mərkəzi Bankın 2014-cü il üzrə tədiyyə balansının göstəricilərini açıqlaması barədə danışıb. R.Ağayev qeyd edib ki, tədiyyə balansı ölkənin makroiqtisadi durumunun qiymətləndirilməsi, ölkəyə və ölkədən əmtəə, kapital, valyuta, xidmət axınlarının izlənməsi baxımından son dərəcə vacib iqtisadi vasitədir. "Açıqlanan məlumatlar göstərir ki, 2009-cu ilin böhranından sonra cari əməliyyatlar hesabında ən aşağı müsbət saldo 2014-cü ildə qeydə alınıb - 10.4 milyard dollar. 2010-2013-cü illlər aralığında bu göstərici 12.3-17.1 milyard intervalında dəyşib. 2014-cü il üzrə tədiyyə balansının ümumi saldosu +4.2 milyrd dollar təşkil edib. Xarici neft şirkətlərinim mənfəət neftindən əldə etdikləri və ölkədən çıxardıqları vəsait təxminən 2.5 millyard dollar olub - bu, 2013-cü ildəkindən 1.9 milyard dollar azdır. Öz növbəsində xaricilərin ölkə iqtisadiyyatını qoyduğu investisiyalar üzrə repatriasiya (geriçəkim) 3.6 milyard dollar olub. Vətəndaşlarımıza xaricdən təxminən 1.7 milyard dollar pul göndərişləri olub - bu 2013-ə nisbətən 130 milyon dollar çoxdu. Azərbaycan vətəndaşları xaric səfərlərdə (həm turist, həm işgüzar) 3 milyard dollardan çox xərcləyib, amma xaricilərin Azərbaycanda xərcləmələri təxminən 2.4 milyard dollar olub. Xaricilərin Azərbaycanda göstərdiyi tikinti xidmətlərinin dəyəri 3.9 milyard dolları aşıb, amma Azərbaycan biznesinin xaricdə göstərdiyi tikinti xidmətləri cəmi 67 milyon dollar olub - fərq 60 dəfədi. Azərbaycana 2014-cü ildə 8 milyard dollardan çox birbaşa xarici investisiya yatırdılıb ki, bunun 84%-i neft sektoruna gedib. 2014-cü ildə Azərbaycana 1.5 milyard kredit xətti vasitəsilə valyuta vəsaiti daxil olub. Bundan 423.5 milyonu dövlət zəmanəti ilə alınan kreditlər, 449.4 milyon dolları bankların aldığı borclar, 671 milyon isə dövlət zəmanəti olmadan müsəssisə və şirkətlərin aldığı borclar olub. Diqqətçəkən məqam budur ki, müsəssisə və şirkətlərin dövlət zəmanəti olmadan aldığı borcların həcmi 2013-cü ilə nisbətən 2 dəfə artıb. Neftin qiymətinin ilin cəmi 3 ayı ərzində aşağı olması kifayət edib ki, cari əməliyyatlar hesabının ümumi saldosu 2 milyard dollardan çox azalsın. Əgər ilin sonunadək neftin qiyməti 50 dollar ətrafında olarsa, Azərbaycanın tədiyyə balansının mənfi saldoya keçməsi təhlükəsi var. Bu baş verərsə, iqtisadiyyatımızı, ilk növbədə manatı ciddi sınaqlar gözləyir" - deyə ekspert bildirib.