Elman Rüstəmov: "Məzənnə siyasətində bu il ciddi dəyişiklik gözələnilmir"
18 Mart 2015 13:51 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın devalvasiya səbəbləri, bundan sonra ölkədə yaranan vəziyyət və görüləcək tədbirlər barədə açıqlama verib. Qeyd edib ki, dünya neft bazarında müşahidə olunan qiymətlər çərçivəsində Azərbaycanda milli valyutanın məzənnəsində bu il ciddi dəyişiklik gözlənilmir: "Lakin nəzərə alınacaq məsələ neftin qiyməti, partnyor ölkələrin münasibətidir. Partnyor ölkələrə qarşı bizim kifayət qədər ehtiyatımız var. Biz neftin qiymətini daim izləyirik. Yenə də səbət məzənnəsində qalırıq. Fundamental amillər dəyişərsə, bunu açıq şəkildə cəmiyyətə bəyan edəcəyik. Biz cəmiyyəti məlumatlandıracağıq ki, məzənnə siyasətimizdə dəyişiklik olacaq. Bu, açıq siyasət olacaq". E.Rüstəmov qeyd edib ki, 2014-cü ildə ölkədə iqtisadi artım davam edib, makroiqtisadi dayanıqlıq təmin olunub: "2008-ci ildən davam edən böhran bizdən də yan keçməyib və 2014-cü ildə yeni bir dalğası başlayıb. Ötən il neftin qiymətinin 2 dəfə ucuzlaşması fenomendir. Neftin qiymətinin 6 aydan çox davamlı ucuzlaşması 1980-ci illərdən əvvəlki ucuzlaşmaya bənzəyir. Bu ucuzlaşma uzun müddət davam edəcək. Neftin ucuzlaşması hələ ki, müəyyən müddət çəkəcək. Neftin ucuzlaşmasının kökündə tələb-təklif amili, OPEC və qeyri-OPEC dövlətləri arasındakı ziddiyyətlər durur". Onun sözlərinə görə, belə şəraitdə əhəmiyyəli neft ixracına malik ölkələrdə siyasətdə dəyişiklik önəmlidir: "Neftin qiymətinin belə uzun müddət ucuzlaşması şəraitində eyni siyasəti davam etsəydik, qısa müddətdə həm Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları sıfra enərdi. Biz neftin belə qiymətləri şəraitində manatı həmin dəyərdə saxlaya bilməzdik. Mərkəzi Bankdakı ehtiyatlar ölkəyə idxalın təmin olunması siyasətinin təminatı kimi çıxış edir. Makroiqtisadi korreksiya gündəliyə gəldi. Ölkədə birrəqəmli inflyasiyadır, xarici balansda baş verən hadisələr manatın məzənnnəsinə qayıtmağı vadar edib. Korreksiyaya uğrayan manat deyil, neftin qiymətinin iki dəfə azalmasıdır. Biz ciddi ajiotajın şahidi olduq - devalvasiyaya yaxın bu ajiotajı yatırmağa gündə yarım milyard dollar sərf edirdik. Manat kütləsinin 70%-i dollara çevrilə bilərdi və milli valyutanmızın məzənnəsi üzərində idarəetməni itirə bilərdik. Bunun üçün də devalvasiyaya getdik. Bu makroiqtisadi korreksiya ilə makroiqtisadi vəziyyətimizi sağlamlaşdırdıq".
Elman Rüstəmov bankların fəaliyyətinə aydınlıq gətirib. Qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) kapitalın həcmi ilə bağlı minimal tələbi yerinə yetirməyən kommersiya bankları ilə fərdi müqavilələr bağlayıb. "Heç bir bank bağlanmayacaq, onlar fəaliyyətini davam etdirəcək". Bununla yanaşı, o, banklara da müraciət edib: "İmkanları daxilində faiz dərəcələrini aşağı salsınlar. Əmanəti yerləşdirən də, krediti alan da xalqdır. Onların gəlirləri hesabına faiz gəlirlərinin azaldılması mümkündür. Müraciət edirəm ki, banklar gəlirləri hesabına faizlərin aşağı olmasını təmin etsinlər. Banklara yardım göstərilib, onlara manat vəsaitləri verilib. Qorunan əmanətlərin faizi qaldırılıb, bu, əhalinin əlavə gəlirlərinin təmin edilməsinə yönəlib və banklar üçün də yaxşıdır, onlarda əmanətlərin dayanıqlığını təmin edir". Onun sözlərinə görə, ixracatı artırmaq istəyənlər üçün də ucuz kredit mexanizmlərinin yaradılması istiqamətində iş aparılır: "Biz hökumətlə birlikdə iqtisadiyyatın əlavə maliyyələşdirilməsi, ucuz maliyyə vəsaitlərinin verilməsini düşünürük". Eyni zamanda, E.Rüstəmov AMB-nin ölkədə ipoteka kreditlərinin məbləğini artırmaq istədiyini də deyib: "Digər məqsədimiz ipotekanı regionlara aparmaqdır, gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini yaratmaqdır . Bunlardan ən önəmlisi ipoteka hesab olunur: "Məsləhətləşmə və fikir birliyi artıq var. Birincisi, biz ipotekaya verilən vəsaiti, ümumi vəsaiti əhəmiyyətli dərəcədə, dəfələrlə qaldırmaq fikrindəyik. Bunun mənbəyini müəyyənləşdirmişik. İkincisi, ipoteka məbləğini - həm kommersiya, həm də sosial ipotekanın məbləğini əhəmiyyətli dərəcədə artırmaq istəyirik. Üçüncüsü, başlıca məqsəd ipotekada iqtisadi aktivliyi canlandırmaqdır. Yəni, bu vəsaitlərin yeni tikintiyə yönəldilməsi istiqamətində vəsaitlərin artırılması buna imkan yaradacaq. Əlaqədar qurumlarla yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsini həll etmək lazımdır. Çünki, biz bilirik ki, əhali bununla bağlı çox əziyyət çəkir. Kimsə qohumuna, qonşusuna, yaxınlarına müraciət edib, onların evlərini girov qoymaq istəyir. Burda problemlərin olduğunu bilirik. Dünya praktikasında olan təcrübəyə əsaslanaraq biz ilkin qeydiyyata keçəcəyik". Mərkəzi Bank rəhbəri sosial tikintinin ipoteka mexanizmi vasitəsilə maliyyələşdirilməsi üzərində də düşündüklərini bildirib. Bununla yanaşı, Mərkəzi Bank ipotekanın regionlarda geniş tətbiqi niyyətindədir. "Regionlarda çalışan sosial dairənin, hökumətin müəyyənləşdirdiyi təbəqə - müəllimlərin, həkimlərin və digər gənc ailələrin ipoteka ilə təmin olunması mexanizmini də yaratmaq fikrindəyik".
Alim