Azərbaycan üçün müsbət layihə

Natiq Cəfərli: “Azərbaycanın enerji daşıyıcılarının Qərb marşrutu üzrə ixracatına xidmət edən hər bir layihə ölkəmizin gələcəyi və iqtisadiyyatı üçün önəmlidir”

"Azərbaycanın enerji daşıyıcılarının Qərb marşrutu üzrə ixracatına xidmət edən hər bir layihə ölkəmizin gələcəyi və iqtisadiyyatı üçün önəmlidir". TANAP və TAP layihələrinin Azərbaycan üçün iqtisadi səmərəsi barədə, "Olaylar"ın suallarını cavablandıran "Real" Hərəkatının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. N.Cəfərli TANAP və TAP layihələrinin reallaşdırılmasının gələcəkdə Azərbaycan üçün iqtisadi səmərəsinin müsbət olacağını bildirib. Lakin bu proyektlərin olduqca bahalı olduğunu deyən ekspertin sözlərinə görə, layihələrin həyata keçirilməsində Azərbaycanın üzərinə götürdüyü böyük öhdəliklər var: "Həm "Şahdəniz-2" üçün müəyyən yatırımlar qoyulmalıdır, həm də TANAP və TAP xəttlərin çəkilməsində Azərbaycanın payı böyükdür. Neftin ucuzlaşması və dünyada baş verən proseslərin davamlılığı belə layihələrin rentabelliyini, gəlirlilik səviyyəsini azaldır, qoyulan vəsaitin geri qayıtması vaxtını uzadır. 3 il əvvəl bu layihələr təsdiq olunarkən, neftin qiyməti təqribən 120 dollar idi, indiysə ucuzdur. Qazın qiyməti də neftə görə, hesablanır. Avropa bazarında qazın qiyməti təqribən 400 dollara yaxınlaşmışdı. Amma indi Avropada qazın ortalama qiyməti 260-280 dollar ətrafındadır. Nefin ucuzlaşmasına görə, Rusiya qazı bu qiymətə satmağa məcburdur. Bu tendensiya uzun illər davam etsə, enerji daşıyıcılarının qiymətlərinin fantastik həddə çatması ehtimalı aşağı olacaq. Bunu nəzərə alsaq, TANAP və TAP layihələrinin rentabelliyində problemlər olacaq. Ona görə də, Azərbaycan hökuməti bunun qarşısını almaq üçün müəyyən tədbirlər görür. Məsələn, aparılan son danışıqlarla birgə, Azərbaycanın payının bir hissəsinin satılması pozitiv və önəmli addımdır. Bu, Azərbaycanın xərclərini azaldacaq. Digər tərəfdən TANAP və TAP Azərbaycan iqtisadiyyatını Qərbə daha sıx tellərlə bağlayan, dayanaqlı iqtisadi qazanc mənbələrinin əldə edilməsi üçün pozitiv layihələrdir. O cümlədən xətlər, qardaş Türkiyə ərazisindən keçəcəksə və bu ölkənin Azərbaycan strateji müttəfiqliyini də nəzərə alsaq, bu gələcəkdə tranzit xərcləriylə yanaşı digər problemlərin də qarşısını alacaq. Amma xərclər optimallaşdırılmalıdır ki, Azərbaycanın üzərinə dah az yük düşsün. Beləliklə çəkilən xərclərin geri qayıtması vaxtı da azalacaq. Azərbaycan öz payının bir hissəsini də xarici şirkətlərə daha yüksək qiymətlərə sataraq, daha az xərclər bu layihədə iştirak etməyə üstünlük verməlidir. Ümumilikdə isə Azərbaycan üçün müsbət layihələrdir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31