“Petkim” keçən ili uğurla başa vurub
11 Mart 2015 13:59 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədə ən böyük aktivi olan "Petkim" Neft-Kimya Holdinqi 2014-cü ili 4,13 milyard türk lirəsi (TL) gəlir, 94 milyon TL ümumi mənfəət ilə başa vurub. "OLAYLAR"-ın ARDNŞ-ə istinadən verdiyi xəbərə görə, şirkətin ötən il 3,25 milyard TL olan aktiv böyüklüyü bu il 17% artaraq, 3,79 milyarda yüksəlmişdir. 45 ölkəyə həyata keçirilən xarici satışların həcmi 563,5 milyon dollara çatıb. Şirkətin baş direktoru Sadəddin Qorqudun dediyinə görə, neftin ucuzlaşması və türk lirəsinin dollara nəzərən qiymətdən düşməsi emal və neft-kimya sektoruna da təsir etmişdir. Bu dövrdə ehtiyatların düzgün idarə olunması mühüm əhəmiyyət kəsb edir. Holdinqin zavodlarında potensial artım investisiyası və bütün kompleksdə planlı baxım proqramının uğurla həyata keçirilməsi nəticəsində mənfəət 8,7 milyon TL həcmində saxlanılıb. Yeni yatırımlar hesabına isə istehsal gücü 13 faiz artıb.