“Aqrar sahə elmlə əlaqəsini itirib”

Vahid Məhərrəmov: “Fermerlər heyvanlarını kütləvi şəkildə kəsimə vermək məcburiyyətində qaldılar”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın kənd təsərrüfatı sahəsi və ərzaq təhlükəsizliyi ilə bağlı mövcud vəziyyətini qiymətləndirib. O, Azərbaycanın ərzaq mallarına olan ehtiyacının daxili istehsal və idxal hesabına təmin olunduğunu deyib. Lakin V.Məhərrəmov iki mənbəni ölkənin ərzaq təhlükəsizliyi üçün etibarlı hesab etmir. Daxili istehsalın ərzaq təminatında etibarlı olmadığını deyən ekspertin sözlərinə görə, son illər kənd təsərrüfatı məhsulu istehsalı göstəricilərinin tez-tez və kəskin şəkildə dəyişməsi daxili istehsalın dayanıqlı, davamlı olmadığının göstəricisidir: "Məsələn, 2014-cü ildə strateji əhəmiyyət kəsb edən taxıl istehsalı əvvəlki ilə nisbətən 575 min ton azalıb.  Belə ki, həmin ildə əvvəlki ilə nisbətən 451 min ton az buğda istehsal olunub. Halbuki bu qədər buğda ilə ölkənin 4 aylıq çörəyə və un məmulatlarına olan təlabatını tam ödəmək olardı. İkinci çörək hesab olunan kartof istehsalının 2014-cü ildə 173 min ton azalması da çox ciddi məsələdir. Bu qədər məhsulla Azərbaycanın 2 aylıq kartofa olan təlabatını ödəmək mümkün idi. Tərəvəz, üzüm, çay və sair məhsulların da istehsalında ciddi azalmalar olub. Ot istehsalının kəskin şəkildə azalması isə otun qiymətinin 2-3 dəfə artmasına səbəb oldu. Elə bu səbəbdən də fermerlər heyvanlarını kütləvi şəkildə kəsimə vermək məcburiyyətində qaldılar".

"Genetik materiallar xaricdən gətirilir"

Aqrar sahənin elmlə əlaqəsinin itdiyini deyən ekspert qeyd edib ki, sahənin inkişafında strateji əhəmiyyət kəsb edən seleksiya, genetika və yeni məhsuldar heyvan cinslərinin yaradılması və təkmilləşdirilməsi işləri dayandırılıb: "Bitkiçilikdə yeni bitki sortlarının yaradılması və onların rayonlaşdırılması işləri isə köhnə, primitiv qaydada aparılır. Kənd təsərrüfatında işlərin elmə əsaslanmadan kortəbii aparılması aqrar sahənin ölkənin ərzaq təminatında üzərinə düşən vəzifənin öhdəsindən gələcəyinə əminlik yaratmır. Üçüncüsü, aqrar siyasətin müəyyənləşdirilməsində, siyasət sənədlərinin hazırlanmasında, kadrların yerləşdirilməsində, idarəetmədə qeyri-peşəkarlıq, naşılıq mövcuddur. Sahədə pərakəndəlik, dağınıqlıq, sistemsizlik var. Bu kimi neqativ hallar ümumilikdə kənd təsərrüfatının dirçəlməsinin qarşısını alır, mövcud problemlərin daha da genişlənməsinə, dərinləşməsinə səbəb olur. Dördüncüsü, kənd təsərrüfatı məhsulu istehsalında istifadə olunan istehsal vasitələri, texnika, texnoliji avadanlıqlar, toxum, gübrə, pestisidlər, əsas yem komponentləri, genetik materiallar və sair xaricdən gətirilir".

"İdxal ərzaq təminatında güvənli deyil"

Vahid Məhərrəmovun sözlərinə görə, istehsal vasitələrinin idxaldan asılılığı da daxili istehsalın davamlı olacağını güvənli etmir. Ekspert qeyd edib ki, sadalanan bu kimi səbəblər daxili istehsalın davamlı, dayanıqlı olmadığını və elə bu səbəbdən də etibarlı, güvənli olmadığını deməyə əsas verir: "Digər tərəfdən, idxal da ərzaq təminatında güvənli deyil. Regiondakı gərgin və qeyri-sabit vəziyyət ölkəmizə mal, məhsul idxalını, nəqlini təhlükə altına alır. Əsas ərzaq idxal etdiyimiz ölkələrdə kənd təsərrüfatı məhsulu istehsalı dayanıqlı deyil. Son zamanlar həmin ölkələr ixrac etdikləri məhsulun istehsalını azaltmaq və idxalı əvəzləyən mal məhsul istehsal etmək kursu götürüblər. Ərzaq idxal etdiyimiz ölkələrdə şirkətlərarası bağlanmış müqavilə şərtlərinə məhəl qoymadan ölkədən ixrac edilən məhsullara məhdudiyyət və qadağalar tətbiq edilir. Bəzi hallarda isə əvvəlcədən razılaşdırılmış danışıqları pozaraq qaydaları öz xeyirlərinə dəyişirlər".

Mənsur
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31