“Polşa praktikasını Azərbaycanda sınamaq olar”
Samir Əliyev: “Hazırda bütün banklar olmasa da, 20-yə qədər bank bu Memoranduma qoşulub”
4 Mart 2015 17:16 İqtisadiyyat"Polşada İsveçrə frankı kəskin bahalaşandan sonra hökumət əhaliyə valyuta kreditlərini milli valyutaya (zlota) çevirməyə icazə verib". "Olaylar"ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev manatın devalvasiyasından sonra Azərbaycanın bank sektorunda yaranmış mövcud vəziyyəti dəyərləndirərkən belə deyib. "Xorvatiyada İsveçrə frankının məzənnəsini "dondurdular" ki, valyutada krediti olan müştərilərə zərbə dəyməsin. Macarıstan hökuməti valyuta ehtiyatlarının bir hissəsini xarici valyutada olan ipoteka kreditlərinə dəstək olmağa yönəldib, ölkənin məhkəmə sistemi isə xarici valyutada olan müqavilələri qanunsuz sayıb. ABŞ-da 2009-cu ildə qlobal maliyyə böhranı zamanı ipoteka borclularına dəstək proqramı çərçivəsində 300 milyard dollar vəsait xərclənib. Rusiya Mərkəzi Bankı banklara tövsiyə məktubu göndərib. Məktuba əsasən xarici valyutada olan ipoteka kreditləri (digər kreditlər yox) Mərkəzi Bankın 01.10.2014-cü il tarixli məzənnəsi ilə (1 USD = 39,4 rubl) rubla keçirtmək tövsiyə edilib. Bu halda faiz dərəcəsi olaraq rublun cari dövrə olan faiz dərəcəsi götürülür. Ukrayna da oxşar addımı atıb. Mərkəzi Bank 25.12.2014-cü il tarixdə kommersiya bankları ilə xarici valyuta kreditlərinin restrukturizasiyası barədə Memorandum imzalayıb. Memoranduma əsasən, xarici valyutada olan istehlak kreditləri, o cümlədən ipoteka kreditləri Mərkəzi Bankın 01.01.2014-cü il tarixinə olan rəsmi məzənnəsi ilə (1 USD = 7,99 qrivna) milli valyutaya çevrilir. Hazırda bütün banklar olmasa da, 20-yə qədər bank bu Memoranduma qoşulub. Banklar hələki müqavimət göstərir" - deyə S.Əliyev qeyd edib. Ekspert bu praktikanın Azərbaycanda həyata keçirilməsinin uğur qazanacağına inandığını vurğulayıb.