“Aksiz vergilərinin artırılması yerli istehsalı stimullaşdıra bilər”

Vahid Məhərrəmov: “Ümid etmək olar ki, qiymət artımı siqaret və spirtli içkidən istifadə edənlərin sayını azaldacaq”

"Manatın ucuzlaşması fonunda xaricdən gətirilən spirtli içkilərə və siqaretə tətbiq edilən aksiz vergilərinin artırılması bu məhsullaraın istehlak qiymətini ciddi şəkildə artıracaq". Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib. "Xaricdən gətirilən bu məhsullar ABŞ dolları ilə əldə olunduğu üçün həmin mallar ölkəmizə idxal edildikdən sonra istehlakçılara manatla təklif olunacaq. Manatın dollara nisbətən 33,5 faiz dəyərdən düşməsi səbəbindən həmin malların satış qiymətləri ən azı bir o qədər artacaq. Digər tərəfdən, bu məhsullara tətbiq olunan aksiz dərəcələrinin artırılması da həmin malların istehlak qiymətlərini artıracaq. Belə olan halda həmin məhsullara olan tələbat azalacaq. Bu isə öz növbəsində siqaret və spirtli içkilərin ölkəyə idxalı ilə məşğul olan sahibkarların maliyyə dövriyyəsinin azalmasına və nəticədə həm də onların gəlirlərinin də azalmasına səbəb olacaq. Əlbəttə idxal olunan spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin artırılması bu mallar, məhsullar üzrə yerli istehsalı stimullaşdıran amildir. Ancaq onu da nəzərə almaq lazımdır ki, ölkə daxilində istehsal olunan eyni adda məhsullar keyfiyyət göstəricilərinə görə xarici analoqlarından geridə qalır. Bu baxımdan bəzi istehlakçılar keyfiyyət göstəriciləri aşağı olan məhsulları almaq məcburiyyətində qalacaqlar. Digər tərəfdən bu məhsulların həm də insan orqanizminə zərəri olduğu üçün, ümid etmək olar ki, qiymət artımı siqaret və spirtli içkidən istifadə edənlərin sayını azaldacaq" - deyə V.Məhərrəmov bildirib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31