“Yaxın 3 ildə Azərbaycanda iqtisadi böhran olmayacaq”

Vüqar Bayramov: “Manatın devalivasiyası və neftin ucuzlaşması böhran elementləri deyil”

"Regionda və dünyada baş verən prosesləri nəzərə alsaq, manatın məzənnəsinin yumşaldılmasına ehtiyac vardı". Azərbaycanda iqtisadi böhran olacağı ilə bağlı yayılan məlumatlar barədə "Olaylar"ın sualını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-eskpert Vüqar Bayramov belə deyib. Manatın devalivasiyasının iqtisadi böhran olmadığını deyən V.Bayramovun sözlərinə görə, dünyanın ən böyük iqtisadi güclərindən olan avrozonada avronun məzənnəsi son 1 ildə 18% aşağı düşüb. Ekpsert qeyd edib ki, Gürcüstanda larinin məzənnəsi 41%, Türkiyədə lirə 31% dəyər itirib. O, Ukrayna və Rusiyada isə vəziyyətin ümumiyyətlə yaxşı olmadığını bildirib: "Rusiyada milli valyuta 2, Ukraynada isə 7 dəfə dəyərini itirib. Manatın məzənnəsinin aşağı düşməsi də bu mənada iqtisadi fəlakət deyil. Düzdür, neftin ucuzlaşması Azərbaycanın dövlət gəlirlərinə təsir edir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi strateji məhsulların satışından ölkəyə daxilolmaların həcminin azalmasına səbəb olur. Bu da Azərbaycanın dövlət rezervlərinə, eləcə də həmin ehtiyatlara daxilolmalara təsir göstərir. Amma Azərbaycan neftinin aşağı düşməsi iqtisadi böhran elementi deyil. Bu, qeyri-neft sektorunun inkişafını zərurətə çevirən faktordur. İxracatda neft məhsullarının payının azaldılması Azərbaycanın birjalardan asılılığının azaldılmasına imkan verəcək. Beləliklə neft və digər strateji məhsulların ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdıra biləcək. Nəzərə alsaq ki, Azərbaycanın dövlət rezervləri Ümumi Daxili Məhsulun 70%-ni, eyni zamanda xarici borcu ÜDM-ün 8.5%-ni təşkil edir, bu neftin qiymətlərinin aşağı olması qarşılığında belə növbəti 3 ildə Azərbaycan öz iqtisadiyyatını qlobal və regional təsirlərdən sığortalaması deməkdir. Əsas məqəsəd rezervlərin həcmini stabil səviyyədə saxlamaqla iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Ona görə də, Azərbaycanda iqtisadi fəlakət üçün narahatlığa ehtiyac yoxdur. Yaxın 3 ildə Azərbaycanda iqtisadi böhran üçün münbit şərait yoxdur. Qeyri-neft sektorunu inkişaf etdirməklə və iqtisadi islahatlar aparmaqla Azərbaycan strateji məhsulların asılılığından xilas olacaq. Növbəti illərdə iqtisadi diverfikasiya əhəmiyyətlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31