“Mənzillərin qiyməti 7% düşəcək”
Vüqar Bayramov: “Alıcı yoxdursa, tələbat son 10 ildə aşağı səviyyəyə düşübsə, qiymətlər necə arta bilər?”
3 Mart 2015 12:18 İqtisadiyyatİqtisadi və Sosial İqtisadi İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekpsert Vüqar Bayramov Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin kəskin artması barədə yayılan məlumatlara aydınlıq gətirib. "Olaylar"a açıqlamasında V.Bayramov daşınmaz əmlak bazarında monitorinqlər apardıqlarını və bazarda yalnız təkmil qiymətinin artmasının müşahidə edildiyini bildirib. Ekspertin sözlərinə görə, əvvəl evini 100 min manata təklif edən ev sahibi manatın məzənnəsinin aşağı düşməsindən sonra, valyutanı dəyişərək, evini 100 min avro, yaxud 100 min dollara təklif edir: "Bu da təkmil qiymətinin artmasına gətirib çıxarır. Amma təkmil qiymətinin artması, əmlak bazarında qiymət artımı kimi başa düşülməməlidir. Bahalaşma yoxdur. Aparılan bəzi monitorinqlər 2014-cü ilin sonu, bu ilin ilk aylarında qiymət artımının olduğunu bildirir. Əgər əmlak bazarında alıcı yoxdursa, tələbat son 10 ildə aşağı səviyyəyə düşübsə, qiymətlər necə arta bilər? Bazarda real qiymətlərin, alqı-satqı qiymətlərinin artması müşahidə edilmir. Əksinə 2014-cü ilin sentyabrından başlayaraq, əmlak bazarında alqı-satqı qiymətlərində azalmalar müşahidə edilir. 2015-ci ildə manatın devalivasiyasına baxmayaraq bu sahədə qiymət artımı proqnozlaşdırmırıq. Əksinə keçən illə müqayisədə qiymətər 5-7% intervalında aşağı düşəcək. Səbəb tələbatın və bazara daxil olan alıcıların sayının azalmasıdır. Rusiyada baş verən böhran da bu sahəyə təsir etməyib. Neftin ucuzlaşması fonunda Rusiyadan Azərbaycana insan axını olmadı və bu da Bakıda mənzil bumunun yaranmasının qarşısını aldı. Regionda və dünyada baş verən iqtisadi proseslər daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsini şərtləndirəcək". ("OLAYLAR İA")