Bakı Avropaya sensasiya təklif edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft məhsullarının ixracı üzrə yeni istiqaməti müəyyənləşdirib. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.Onun sözlərinə görə, söhbət neft məhsullarının Rusiya ərazisi ilə tranzitindən gedir.

Mənbə qeyd edib ki, hazırda ixracın Rusiyanın hansı limanları vasitəsilə həyata keçiriləcəyi məlum deyil, çünki bu, neft məhsullarının alıcılarından asılıdır.
Müqayisə üçün yazaq ki, ARDNŞ 2015-ci ilin yanvarında 127,33 min ton, 2014-cü ilin eyni dövründə isə 88,26 min ton neft məhsulları ixrac edib.
Azərbaycanın Rusiya ərazisi ilə "qara qızıl"ın nəqli ilə bağlı yeni marşrut müəyyənləşdirməyə başlaması, daha doğrusu, bu istiqamətdə ilkin işləri başa vurması iqtisadi çevrələrdə "sensasiya" sayıla bilər.

Amma iqtisadçılar "sensasiya" kəlməsini sevmədiklərindən prosesi diqqətlə və təmkinlə müşahidə etməyə üstünlük verirlər.
Azərbaycanın indiki durumda xam neftinin bir hissəsini Rusiyadan keçirməklə dünya bazarlarına çıxarması niyyəti spontan qərar deyil.
Statistikanı xatırlamaq olar.

Məsələn, ötən ilin yanvar-iyul aylarında ARDNŞ Rusiyanın Novorossiysk limanına 593025 ton xam neft yollayıb. Bu neft Bakı-Novorossiyk kəməri ilə nəql olunub.
Maraqlıdır ki, 2013-cü ilin analoji dövrü ilə müqayisədə Bakı-Novorossiysk kəməri ilə ötürülən neftin toplam həcmi 40,4 faiz aşağı düşmüşdü.
Ötən ilin iyul ayındasa Novorossiysk limanından ARDNŞ 84803 ton neftimizi tankerlərə vurub.
Ümumiyyətlə isə Azərbaycan 1997-ci ilin oktyabrın 25-də Bakı-Novorossiysk kəməri ilə "qara qızıl" ötürməyə başlayıb. Rusiya ərazisindən neftimizin hər tonunun tranzit tarifi üçün Moskvaya təqribən 16 dollar ödəyirik.

Qiymət praktiki olaraq dəyişməz qalıb.
Statistikadan, quru rəqəmlər aləmindən "çıxarkən" onu da yazım ki, 2013-cü ildə Bakı-Novorossiyk kəməri ilə 1751023 ton neft nəql etmişik.
Region ölkələri üçün böyük, Avropa Birliyi və sonra da dünya bazarı uçün kiçik rəqəmdir.
Həmin bazarlar arasındakı fərqdən yararlanmaq, formalaşan dəyişikliklərdən istifadə edərək yeni taktikanı müəyyənləşdirmək Bakının qarşısında duran əsas vəzifələrdən biridir.

Ötən ilin ortalarından bəri dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşmağa başlaması ilk mərhələlərdə müvəqqəti, keçici proses sayılırdı. Lakin sonradan Fars Körfəzi ölkələri ABŞ-ın müəyyənləşdirdiyi oyun qaydalarına həmişə olduğu kimi, mütiliklə riayət etməkdən boyun qaçıranda, xüsusilə də Səudiyyə Ərəbistanı hasilat həcmlərini aşağı salmaqdan boyun qaçıraraq amerikalılara ssenarisinin reallaşdırılması istiqamətində ciddi problemlər yaradanda situasiya fərqli oldu.
Halbuki, Vaşinqtonun yeni "neft oyunu"nda hər şey çox sadə idi.

Birləşmiş Ştatlar öz ərazisində şist neftinin hasilatını sürətlə artırdı və bu minvalla da büdcə gəlirlərinin formalaşmasına neft satışlarından alınan pulların əlahiddə yer tutduğu Venesuela, Rusiya və İranın iqtisadiyyatlarında ağır problemlər yaratdı.

Həmin ölkələr Çinin xam neftə olan tələbatını böyük miqdarda təmin etdiklərindən Çin də sürətlə inkişaf edən iqtisadiyyatının irəliləyiş templərini aşağı salmalı oldu.
İlk baxışdan nonsens idi: axı ucuz neft Çinə sərf edirdi və "qara qızıl"ın qiymətlərinin aşağı düşməsi "Səmaaltı imperiya"ya Rusiya, Venesuela və İranla danışıqlarda mövqelərini möhkəmləndirməyə, şərtlər irəli sürməyə, hətta ultimativ tələblər səsləndirməyə imkan verirdi.
Lakin durum yalnız zahirən belə idi.

Əslindəsə neft ucuzlaşdığından Çinin ənənəvi ticari tərəfdaşlarının gəlirləri azalmışdı və onlar Pekindən aldıqları malların həcmi ilə çeşidini də aşağı salmışdılar.
Çin uduzurdu və Pekinin iqtisadi problemləri hələ də davam edir.

Amerikalılar sevinməyə başlamışdılar. Ta o zamanadək ki, Səudiyyə Ərəbistanı hasilatı azaltmaqdan boyun qaçırdı.
Səudilər gündəlik neft hasilatını azaltsaydılar, Vaşinqton "Binqo!" deyərək və triumfu bayram edəcəkdi.
Ər-Riyad geri çəkilmədi, inad etdi və hasilatı azaltmaq bir yana, daha da artırdı - ucuzlaşan neftlə bağlı bütün itkilərə, ala bilmədiyi gəlirlərə, məhrum olduğu milyardlarla dollara rəğmən.

Nəticə göz qabağındadır: ABŞ-ın "şist nefti" planı puç oldu və amerikalılar buruqlarda hasilatı dayandırmaqla itkiləri azaltmaq istəyirlər.
İlin əvvəlindən bəri ABŞ-da hasilatın dayandırıldığı və qapadılan buruqların sayı həndəsi silsilə ilə artır, proses dayanmaq bilmir.
Neft ucuzlaşır, "qara qızıl" satışlarından əldə ediln gəlirlərdə dayanıqsız fərqlər stabilləşmir.

Bundan başqa, Avropa Birliyi təbii qaz təminatı marşrutlarının sayını və "mavi yanacaq" aldığı mənbələrin sayını artıraraq Rusiyadan asılılıqdan qurtulmağa çalışır.
Yaranmış situasiyada rəsmi Bakı şərtləri dəyərləndirərək dünya bazarlarına neft satışı marşrutlarının sayını artırmaqla son aylarda məruz qaldığı itkilərin bir hissəsini dezavuasyia edə bilər. Üstəlik, neft nəqlinin siyasi yönlərini də unutmayaq.

Azərbaycan təbii qazını Avropa Birliyinə çıxarmaq üçün "Cənub Qaz Dəhlizi" layihəsini gerçəkləşdirməyə başlayıb.
Rusiyanın ənənəvi satış bazarında Azərbaycanın da önəmli "oyunçu" qismində "peyda" olmasını razılıqla qarşıladığını düşünürüksə, yanılırıq. Rəsmi Moskvanın mənsubları diplomatik bəyanatlarında mümkün qədər təmkinli olmağa çalışsalar da, sinirlərini çox pis cilovlayırlar.
Avropa Birliyi Rusiyanın strateji planlarına müqavimət göstərir, təbii qaz nəqli ilə bağlı taktiki planın bir hissəsi olmaq istəmir.
Azərbaycan da Rusiya ərazisindən neftini yeni marşrutla nəql etmək niyyətində olduğunu bəyan edərək Bakıya aşkar təzyiqlər göstərən Rusiya ilə yanaşı, Avropa Birliyinin ritorikasını yumşalmağa vadar edib.

Yeni və müşahidəçilərin "sensasion" kimi qələmə verdikləri layihə ilə Rusiya ərazisindən keçiriləcək Azərbaycan nefti sonucda yenə də Avropa Birliyi ölkələrinə satılacaq.

Göründüyü kimi, Bakı məntiqi, düşünülmüş və məharətlə hesablanmış gediş edərək həm Rusiyanı yeni layihədə tərəfdaşa çevirir və Moskvanı şərik kimi davranmağa vadar edir, həm də Avropa Birliyinin enerjidaşyıcıları təminatı probleminin fərqli, amma praqmatik həll yolunu təklif edir.
Hadisələr sürətlə inkişaf etməkdədir və yeni layihə ilə bağlı aparılacaq danışıqlarda neft məsələsində bu günədək sərt opponentlər kimi çıxış edən Avropa Birliyi və Rusiyanı Azərbaycan neftinin nəql marşrutundakı tərəfdaşlar qismində müzakirələrə başlayan yönlər qismində görmək maraqlı olacaq.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31