Neft bazarının yaxın perspektivləri

Natiq Cəfərli: “Yaxın 5-6 həftədə dünya neft bazarında növbəti kəskin qiymət enməsinin şahidi ola bilərik”

"Neft bazarında çox maraqlı vəziyyət yaranıb". "Olaylar"ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. WTI markalı neftin 49, Brentin isə 61 dollar ətrafında satıldığını deyən N.Cəfərlinin sözlərinə görə, WTI-nin qiymətinin Brentdən 12 dollar ucuz olmasının səbəbi ABŞ-da hasil olub saxlanılan strateji neft ehtiyatlarının tarixinin ən yüksək həddinə - 437 milyon barelə çatmasıdır. "Buna görə də, WTI markalı neftin qiyməti ciddi fərqlənir, bu marka ilə birja əməliyyatları Nyu-York birjasında həyata keçirilir. Venesuela, Kanada və Braziliya nefti də bu markaya uyğun satılır. Brent markalı neftlə London birjası satış həyata keçirir, ərəb ölkələri, Rusiya, Qazaxıstan, Azərbaycan nefti də bu markaya görə qiymətləndirilir. Brent markalı neftin daha baha olmasının səbəblərindən biri birja qiyməti ilə real satış qiymətinin arasında 4-5 dollar aşağıya olan fərqdir, çünki, ərəb ölkələri real satış qiymətinə birja qiymətindən 4-5 dollar endirim təklif edirlər. Həm də, ABŞ bazarı daha idxal neftindən az asılı olduğundan, bazar lokallaşıb, ABŞ-da hasilatın artımına köklənib" - deyə ekspert qeyd edib. Natiq Cəfərli yaxın gələcəkdə neftin qiymətinə ciddi təsir edəcək amilləri də müəyyən edib: "Qeyd etdiyim kimi, artıq ABŞ-da rezervləri saxlamaq üçün olan həcmlərin 80%-i dolub, ümumi 512 mln. barel neft saxlamaq üçün həcmləri olan ABŞ-da artıq 437 mln. barel ehtiyat yığılıb. ABŞ-da hər həftə ehtiyatlar 6-10 milyon barel arasında artır. Son artım həftəyə 8,9 milyon barel olub. Yəni, daha 5-6 həftə ehtiyatlar bu sürətlə artsa, həcmi 500 milyon barelə çatacaq ki, bu da psixoloji həddir, çox güman, bundan sonra ABŞ ehtiyatların bir hissəsinin Avropaya satılması haqqında qərar verəcək. 2. ABŞ belə bir qərar versə, bu Brentə ciddi təzyiq yaradacaq, qiymətində WTI markası ilə olan fərq ciddi azalacaq, indi 12 dollardısa, bu 3-4 dollara qədər enəcək. 3. Dünyada xam neftin ən ucuz saxlama variantı iri, həcmi 1 milyon barelə bərabər olan tankerlərdir. Son məlumatlara görə, artıq belə tankerlərin 75%-ə yaxını neftlə doludur və bu tip tankerlərin icarə haqqı 2 dəfə artıb ki, bu da, neft sahiblərini daha tez müştəri taparaq satmağa vadar edəcək. Bəzi treyderlər nefti tankerlərə doldurub, qiymətinin qalxacağını gözləyirdilər, amma bu baş vermədi. 4. Dünyada ABŞ-dan sonra ən çox neft ehtiyatı yığan ölkə Çindir, bu ölkədə də neft saxlamaq üçün həcmlərin 85%-ə yaxını dolub artıq, və Çin neftayırma zavodları yaz aylarında mərhələli təmirə dayanacaqlar ki, bu da ehtiyatların daha çox artmasına, yəni, Çinin bazardan daha az neft almasına gətirib çıxaracaq. Daha bir önəmli məsələ odur ki, Çin iqtisadiyyatının artım tempi 7%-dən aşağı düşüb ki, bu da neft istehlakını azaldan faktorlardan biridir. 5. Avropa ölkələrinin ÜDM artımı da kəskin azalıb, həm də Yunanıstan problemi həll olunmayıb ki, bu da qlobal əmtəə bazarlarına neqativ təsir edir. 6. Nəhayət, yaxın həftələrdə dollar qlobal bazarlarda daha da bahalaşacaq ki, bu da neftin qiymətinə aşağı yönlü əlavə basqı yaradır, baha dollar - ucuz neft formulu işə düşür. Bir sözlə, yaxın 5-6 həftədə dünya neft bazarında növbəti kəskin qiymət enməsinin şahidi ola bilərik. Buna həm də mövsümi amillər də təsir edəcək, qışdan çıxan bazarda həmişə neft istehlakı azalır. Bir çox nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə, yaxın 5-6 həftədə neftin qiymətinin 30-40 dollara qədər enməsi gözlənilir". O, baş verənlərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31