Milli Məclis Mərkəzi Bankın qərarını müzakirə etdi
Spiker: “Nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq”
24 Fevral 2015 16:20 İqtisadiyyatFevralın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda spiker Oqtay Əsədov Xocalı soyqırımının növbəti ildönümündən danışıb. Spiker Azərbaycan xalqının iki gündən sonra Xocalı soyqırımının 23-cü ildönümünü qeyd edəcəyini xatırladıb. Onun sözlərinə görə, bu soyqırımdan əvvəl də Dağlıq Qarabağda dinc əhali amansızcasına qətlə yetirilib: "Ona görə də Xocalı soyqırımı öz miqyasına görə digər cinayətlərdən ən dəhşətlisi hesab edilir. Bu səbəbdən də Azərbaycan xalqı həmin günü soyqırım adlandırır. Milli Məclisin müvafiq qərarı ilə də hər il 26 fevral, məhz Xocalı soyqırımı günü kimi qeyd olunur". O, həmçinin qeyd edib ki, bu günlərdə Milli Məclisin 20-dən çox deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak ediblər: "İnanırıq ki, ermənilərin törətdikləri bu vəhşilik cavabsız qalmayacaq. Azərbaycan hansı yolla olursa-olsun, gec-tez öz torpaqlarını geri qaytaracaq". Sonra deputatlar manatın məzənnəsi ilə bağlı Mərkəzi Bank tərəfindən qəbul edilən qərara münasibət bildiriblər. Deputat Zahid Oruc AMB tərəfindən qəbul edilən qərarı millətin mənafelərinə uyğun verilən qərar kimi qiymətləndirib: "Maliyyə sabitliyinin saxlanılması üçün bu, mühüm addımdır. Mərkəzi Bankı mühakimə edən insanlar maksimum bir ay ərzində bizim kimi müdafiə edəcəklər. Qeyd edim ki, dövləti qınayanlar nəzərə almalıdırlar ki, valyutanın rezerv hissəsi manatladır. Bu gün manat dünyada ən güclü valyuta olan dollarla rəqabət aparacaq səviyyədədir. Ona görə də qərarı müdafiə edirəm". Zahid Oruc qonşu Gürcüstan və Türkiyənin son 5 ayda valyutalarının müvafiq olaraq 17 və 14 faiz ucuzlaşmasını buna misal çəkib. Onun qənaətincə, dolların bütün dünya maliyyə vahidlərinə nisbətdə əhəmiyyətli dərəcədə möhkəmləndiyi faktdır: "Digər tərəfdən, 2015-ci ilin büdcə kəsirinin doldurulması naminə məzənnə siyasətinə əl atıldığını iddia etmək də tamam yanlışdır. Çünki dövlətin valyuta ehtiyatları sırasında manat xüsusi çəkiyə malik idi və onun dəyərdən salınmasından yaranan itkilər büdcənin cəmi 12 faizinin gəlirlərini qapatmaq üçün kurs dəyişikliyindən "əldə olunan qazanc"dan daha böyükdür". Zahid Oruc manatın kəskin devalvasiyasının səbəblərinə toxunaraq bildirib ki, tədrici və ya "üzən kurs" siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O, yalnız spekulyantlara və valyuta qeyri-sabitliyindən bəhrələnənlərə, valyuta müharibəsi aparanlara fayda gətirir. Deputata görə, Milli Bank indiki məqamda belə bir addım atmasaydı, qalan 12 milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda manatı rus rublunun taleyi gözləyirdi. Zahid Oruc hökumətin atmalı olduğu addımları da qeyd edir: "İndi hökumət gecikmədən son valyuta tənzimlənməsindən sonra əhalinin kredit, əmanətlər və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə yönəlik perspektiv üçün antiböhran proqramlarını işə salmalıdır. Çünki heç bir nazirlik qiymət artımının qarşısını ala bilməyəcək. Ona görə maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Son addımdan sonra yaşayış minimumu və aylıq istehlak səbətinin əvvəlki vəziyyətdə qalmayacağı şübhəsizdir. Dövlət sosial ehtiyaclı insanları birmənalı müdafiə etməlidir. Spiker Oqtay Əsədov da məsələyə münasibət bildirib: "Banklarda vətəndaşların 7 milyarddan çox əmanətlərinin batması ilə bağı səsləndirilən fikirlər tamamilə absurddur. Çünki pulların 50 faizi dollarladır. Onu da qeyd edim ki, son bir həftə ərzində banklar 2,5 milyard manatı dollara dəyişdirib. Çox istərdim ki, bu məsələ ilə bağlı müzakirəyə makro-iqtisadi siyasəti bilən insanlar da qatılsın. Azərbaycan müharibə aparan ölkədir. Ölkəmizin valyuta rezervləri var. Mümkün qədər də həmin valyuta rezervləri qorunacaq. Düşünmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkədə hər bir vəziyyət ola bilər. Rezervlərin hamısını məzənnəyə görə itirə bilmərik. Əmin edə bilərəm ki, ajiotaj yaratmağa ehtiyac yoxdur. Çünki Azərbaycanda satılan ərzaqların 70 faizi yerli məhsullardır. Belə olduğu təqdirdə qiymətlər niyə qalxmalıdır? Bu səbəbdən də gələcəkdə nə ərzaq, nə də digər məhsulların qiyməti qalxmayacaq". Millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, ünvanlı sosial yardım alanların müavinəti 35 faiz artırılsın. O, bildirib ki, ölkədə ərzaq məhsullarının qiyməti nəzərə alınmalıdır: "Nəzərə alaq ki, bu təbəqə əhalinin az dolanışığı olan təbəqəsidir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi düşünməlidir ki, necə etmək lazımdır ki, sosial yardım alanların sayı azalsın. İnsanlar ələ baxımlı olmasınlar. İşlə təmin edilsinlər, halal zəhməti ilə dolansınlar və büdcədən bu xərclər azaldılsın". Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.
Alim