Dollarla krediti və manatla əmanəti olanlara məsləhət

Qubad İbadoğlu: “İlk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır”

"Dollarla kredit götürənlər banklara müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə iqtisadçı-ekspert Qubad İbadoğlu çıxış edib. "Mərkəzi Bankın məlum qərarından ən çox ziyan çəkənlər dollarla kredit görtürən və manatla əmanəti olanlardır. Mülki Məcəllənin 439.7-ci maddəsində göstərilir ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Təəssüf ki, hüquqşünaslarımız məhz bu maddənin təsvirində yalnışlığa yol verirlər. Baxmayaraq ki, orda aydın şəkildə yazılıb ki, valyuta ilə ödəniş edilərkən öhdəlik əmələ gəldiyi tarixə, yəni Mərkəzi Bankın faizlər və əsas borc ödənilən günə olan rəsmi məzənnəsi ilə həyata keçirilməlidir. Bu isə o deməkdir ki, dollarla krediti olanlar borca və faizə görə öhdəliklərini yerinə yetirərkən yeni məzənnə ilə ödəniş aparmalıdırlar" - deyə ekspert qeyd edib. Q.İbadoğlunun sözlərinə görə, dollarla olan kredit probleminin həllində banklar da maraqli olmalıdırlar. Çünki, yüksək faizlərlə verdikləri kreditə yeni məzənnə fərqindən yaranmış xərcləri də əlavə etdikdə əksər müştərilər banklar qarşısında öz öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirə bilməyəcəklər, bu isə vaxtı keçmiş borcların artmasına və öz növbəsində bankların da maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. O, hesab edir ki, dollarla kredit götürənlər qarşılaşdığı problemlərini həll etmək üçün hazırkı situasiyada Mülki Məcəllənin başqa maddəsinə və eyni zamanda da müqavilə bəndlərinə istinad edərək dərhal banka ərizə ilə müraciət etməlidirlər: "Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsaslarından biri də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. Eyni zamanda mənim tanış olduğun bəzi kredit müqavilələrində göstərilir ki, fors-major halı kimi qiymətləndirilən dəyişiklik baş verəndə tərəflər baş verən dəyişikliyi müzakirə edə bilərlər və bunun üçün də tərəflərdən birinin məsələ ilə bağlı dərhal yazılı müraciəti olmaldır. Odur ki, dollarla kredit götürənlərə tövsiyəm odur ki, öz banklarına müqavilənin şərtlərinə yenidən baxılmasına dair yazılı müraciət etsinlər və inanıram ki, banklar hazırkı situasiyada optimal qərarlar verməkdə maraqlı olacaq və tərəflər müqaviləni dəyişmiş şəraitə uyğunlaşdıracaqlar. Manatla əmanəti olanlar da yuxarıdakı maddələlərə və imzaladıqları müqavilədə göstərilən fors-major halına istinad edərək banka yazılı müraciət göndərsinlər və manatla olan depozitlərin faiz dərəcəsini artırmağı qarşı tərəfdən xahiş etsinlər. İndiki situasiyada kommersiya bankları da manatla əmanətlərin faiz dərəcələrinin artırılmasında maraqlı olmalıdırlar. Əks təqdirdə onlar manat çatışmazlığı ilə üzləşərək, normal fəaliyyət göstərə bilməyəcəklər. Eyni zamanda manatla olan əmanətlərin həcmində kəskin azalma müşahidə olunacaq və manata olan etibar ciddi şəkildə aşağı düşəcək. Odur ki, ilk növbədə banklara üz tutmaq və yazılı müraciətlə narahatçılığı ifadə etmək lazımdır. Banklar müştərilərə dəymiş ziyanın bir hissəsini kompensasiya etmək üçün kütləvi daxil olan müraciətlərə adekvat reaksiya vermək məcburiyyətindədirlər. Çünki, bu onların da marağındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31