“Azərbaycanın güclənməsini gözü götürməyənlər olimpiadanı qaralamağa çalışırlar”
23 Fevral 2015 17:18 İqtisadiyyat"Manatın devalvasiyasından faydalanaraq Azərbaycanda qarışıqlıq yaratmaq istəyənlər kütləyə belə bir fikir aşılayırlar ki, Bakıda Avropa Oyunlarının keçirilməsi planlaşdırılmasaydı, bu da olmazdı. Avropa Oyunlarına hazırlıq çoxlu xərc apardığı üçün manatı ucuzlaşdıraraq onun bir hissəsini xalqın üzərinə qoyublar". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycanı sevməyənlərin Brazilyada sınaqdan keçən texnologiyaya dayanmaqla bir gülləylə iki dovşan vurmaq istədikləri göz önündədir: "Yəqin xatırlayırsınız, sözün hər anlamında futbol ölkəsi olan Brazilyada dünya çempionatı öncəsi necə bir bir atmosfer formalaşdırılmışdı. Yüz minlərlə adam küçələrə çıxaraq "bizə dünya çemponatı yox, çörək lazımdır", deyirdi. Guya çempionat keçirilməsə, ac brazilyalıların hamısı tox olacaqdı. Bu ağlasığmaz idi, amma futbola hava, su və çörək kimi yanaşılan bir ölkədə dünya çempionatının əleyhinə aksiyalar keçirilirdi. Onu təşkil edənlər isə Brazilyanın timsalında Amerikada artıq güclənən və öz sözünü deməyə başlayan ikinci bir nəhəngin yaranmasından əndişən keçirən qüvvələr idi. Onlar yüksək səviyyədə keçən dünya çempionatının brazilyaylılarda özlərinə güvən hissini bir az da artıracağını bildiklərindən bala qətran qatırdılar. İndi də Azərbaycanın regionda güclənməsini və müstəqil siyasət yeritməsini gözü götürməyənlər yayda keçiriləcək olimpiadanı qaralamağa çalışırlar. Halbuki o, ölkəmiz üçün təkcə imic deyil, həm də maddi baxımdan olduqca önəmlidir. On minlərlə turistin sayəsində ölkəyə yüz milyonlarla valyuta gələcək ki, bu da istər istəməz manatın kursuna müsbət təsir göstərəcək. Yəni manatın devalvasiyasını Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına bağlamağa çalışanlar Azərbaycanın düşmənləri və onların sifarişlərini yerinə yetirənlərdi. Soruşuruq bizdə manat həmin oyunlara görə ucuzlaşıbsa, Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə, İran , Ermənistan və digər ölkələrdə niyə milli valyutaları dəyərdən düşdü? Özü də Azərbaycanda olduğundan daha çox. Onlar da olimpiada keçirməyə hazırlaşırlar? Avropa Bİrliyi kimi nəhəng bir qurumun valyutası ötən ilin yayından başlayaraq sürətlə devalvasiyaya uğradı? Nədən avropalılar buna faciə kimi yanaşmırlar? Və necə olur ki, Edik Bakinski deyilən bir erməni sosial şəbəkədə azərbaycanlıları ayağa qalxmağa səsləyir?". Millət vəkili deyib ki, kütlədən kimsə onların təsiri altına düşə bilər. Amma camaat manatın dəyərini itirməsinə yumşaq desək, o qədər sevinməsə də, bunun qaçılmaz olduğunun və dövlətin ondan doğan mənfi təsirləri azaltmaq üçün əlndən gələni edəcəyinin yaxşı fərqindədir.