Kreditlər hansı valyuta ilə ödəniləcək?
23 Fevral 2015 14:31 İqtisadiyyatİndiyədək banklardan götürülmüş kreditlərin bundan sonra hansı valyuta ilə və ya bu valyutanın hansı məzənnəsi ilə ödənilməli olması indi hər kəsi düşündürən məsələlərdəndir. Başqa sözlə, indi ictimaiyyəti düşündürən sual budur ki, manatla bankdan kredit götürən şəxsdən milli valyutanın yeni məzənnəsinə uyğun olaraq dollarla ödəniş tələb oluna bilərmi? Hüquqşünas Habil İsgəndərli bildirib ki, bankla fiziki (və hüquqi) şəxslər arasında kredit münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq onlar arasında bağlanan müqavilə ilə tənzimlənir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Bütün banklarda müqavilə bağlanan zaman Mülki Məcəllənin tələbləri nəzərə alınmalıdır. Qanunun tələbinə görə, pul öhdəliyi manatla ifadə edilməlidir. Qanunla qadağan edilmədiyi halda isə, pul öhdəliyi xarici valyutada müəyyənləşdirilə bilər. Nəzərə alsaq ki, ölkədə dolların manata məzənnəsi uzun müddət ərzində sabit olaraq qalmışdı, bu vəziyyətdə müqavilədə ödənişlərin məzənnə dəyişikliyi ilə nəzərə alınmaqla həyata keçirilməsi, bir qayda olaraq, göstərilmirdi. Rəsmi məlumatlarda da bildirilir ki, Azərbaycanda banklar həm manat, həm də dollarla kredit verirlər. Bundan sonra kreditlərin hansı valyuta və hansı məzənnə ilə qaytarılmasına dair nə banklar, nə də borc alanlar birtərəfli qaydada qərar verə bilməzlər. Yəni, banklar yeni məzənnəyə uyğun olaraq tələbi özbaşına dəyişə bilməzlər. Bir şərtlə ki, bankla borc alan arasnda bağlanmış müqavilədə kredit ödənişlərinin valyutası konkret göstərilmiş olsun. Yəni, bu, o deməkdir ki, bank və ya borc alan müqavilə öhdəliyindən kənara çıxa bilməz. Əgər kreditin dollarla qaytarılması nəzərdə tutulubsa, dollarla, manatla qaytarılması nəzərdə tutulubsa, manatla ödənişi həyata keçiriləcək. Əgər bankla borc alan arasında müavilədə kredit verilən valyuta növünün məzənnə dəyişikliyinə uğrayacağı halda, ödənişlərin yeni müəyyənləşən məzənnəyə uyğun həyata keçirilməsi nəzərdə tutulubsa, bu halda bank ödənişi yeni məzənnəyə uyğun tələb edə bilər. Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Lakin nəzərə almaq lazımdır ki, kreditin yeni məzənnədə qaytarılması yalnız müqavilədə belə bir halın baş verəcəyi təqdirdə, ödənişlərin yeni məzənnəyə uyğunlaşdırılmasına dair müddəanın olduğu halda tələb edilə bilər. Ümumən, son illərdə milli valyutanın sabit qaldığı şəraitdə kredit müqavilələrində məzənnə dəyişikliyinin tətbiqi barədə müddəalar nəzərdə tutulmadığı da məlumdur. "CLC" hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov bildirib ki, əgər, müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmamışdırsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Yox, müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki borc yeni məzənnə ilə icra edilməlidir. "Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Bizim müşahidələrimizə görə, xeyli müddətdir dollar-manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni, əhali və şirkətlər xarici valyutada, o cümlədən dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir".
Alim