Deputat: “Əhalinin narahatçılığına əsas yoxdur”
20 Fevral 2015 15:34 İqtisadiyyatManatın ucuzlaşacağından ehtiyatlanan əhali banklara üz tutub. Artıq bir neçə gündür ki, valyitadəyişmə məntəqələrinin qarşısında manatı dollara çevirəmək istəyən vətəndaşların sayının artması müşahidə olunur. İqtisadçı ekspertlər isə əhalinin təşvişə düşməsinin əsassız olduğu qənaətindədir. Millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hazırki şəraitdə əhalinin narahatçılığının heç bir əsası yoxdur: "Azərbaycanda manatın ciddi şəkildə ucuzlaşacağı gözlənilmir. Bununla bağlı narahatlıq və təşviş keçirməyə ehtiyac yoxdur. Əksinə, belə vəziyyətin Azərbaycan üçün bir sıra üstünlükləri ola bilər. Belə ki, ölkədə manatın qiymətini endirməklə, ixrac potensialını artırmaq mümkündür". Millət vəkilinin sözlərinə görə, son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılıb. Regionlarda yeni istehsal müəssisələri tikilib, istifadəyə verilib: " Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan daxili istehsal hesabına manatın məzənnəsini qoruya biləcək. Hesab edirəm ki, qeyri-neft sektorunu daha da gücləndirməklə, özəl sektorun yürütdüyü qiymət siyasətini nəzarətdə saxlamaqla, bu prosesdən minimum itki ilə çıxmaq mümkündür".