Azərbaycanın aqrar sahədə böyük potensialı var
19 Fevral 2015 15:17 İqtisadiyyatAzərbaycan prezidenti tərəfindən 2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunub. Nəzərə almaq lazımdır ki, belə bir sərəncam dünya bazarında neftin qiymətinin ucuzlaşması şəraitində verilib. Maraqlıdır, belə halda ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması məqsədilə hansı tədbirlərin görülməsinə ehtiyac duyulur?
Milli Məclisin aqrar siyasət komitəsinin sədir müavini, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq" ın sədri Eldar Quliyev bildirib ki, Azərbaycan neft ixrac edən ölkələrdən biridir. Və dünyada neftin qiyməti ciddi şəkildə aşağı düşüb. Bütün bunlara baxmayaraq Azərbaycan iqtisadiyyatına heç bir geriləmə yoxdur. Cənab prezident Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu məsələdən əndişəyə ehtiyac yoxdur. Bilməliyik ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, əhalimiz heç bir çətinliklə üzləşməyəcək. Cənab Prezident onu da bildirdi ki, dünyada 2008-ci ildən başlayan maliyyə böhranı bu gün də davam edir. Ancaq hamımız görürük ki, bunun Azərbaycana təsiri yoxdur. Bu isə ölkəmizin mükəmməl idarə olunmasının nəticəsidir. Ərzaq təhlükəsizliyi ilə bağlı məsələyə gəldikdə millət vəkili bildirib ki, bu gün dünyada ən böyük problemlərdən əhalinin ərzaq təhlükəsizliyinin təminatıdır: "Mən də bir mütəxəssis kimi deyirəm ki, istər inflyasiya olsun, istər neftin qiyməti aşağı düşsün, bu, müəyyən müddətə tənzimlənən məsələdir. Ancaq ərzaq təhlükəsizliyin təminatında 1-2 gün problem olsa, ciddi fəsadlar ola bilər. Ona görə də hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Bu sahəni cənab İlham Əliyev 2003-cü ildən nəzarətdə saxlayıb. Həm inkişafa önəm verilir, həm də kəndlərdə insanların kənd təsərrüfatına olan marağının stimullaşdırılır". Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsinin ciddi stimullaşdırılmasına ehtiyac var: "Amerika kimi dövlətdə də stimullaşma var. Keçmişdə bizdə də belə olub. Əvvəlcədən məhsulun qiymətinin 25-30 faizi ödənilirdi. Diqqət etdinizsə, cənab prezident torpaqlardan istifadə məsələsinə də toxundu. Bilrisiniz ki, Azərbaycanda torpaq onsuz da məhduddur. 20 faizi də ermənilər tərəfindən zəbt olunub. Torpaq fondumuz azdır. Bundan səmərəli istifadə etmək lazımdır. Çox təəssüf olsun ki, torpaqları başqa-başqa məsələlərə görə alırlar. Bu torpaqlar əkin üçün yararlı olan torpaqlardır. Bunu başqa məqsədlər üçün necə istifadə etmək olar? Bu mütləq əkin üçün istifadə edilməlidir. Bizdə 9 iqlim qurşağı mövcuddur. Hər zonada hansısa məhsulun əkilməsinə şərait var. Əgər biz istehsalçının mənafeyini qoruyuruqsa, niyə onların məhsulunun qiymətini aşağı salırıq? Niyə kənardan, kartof, alma almalıyıq? Biz istehsalçıların mənafeyini qorumalıyıq". Millət vəkili əlavə edib ki, Azərbaycan kimi bir ölkənin aqrar sahədə böyük potensialı var: "Neft, qaz istehsalı ilə bərabər aqrar sahəni, kənd təsərrüfatı sahəsini inkişaf etdirməliyik. Çünki bu, aqrar sahəyə diqqəti daha da artıracaq. Cənab Prezident müşavirədə torpaqların monitorinqi ilə bağlı da fikir səsləndirdi. Baxaq, görək, harada torpaqlarımız var, bu torpaqlardan hansı şəkildə istifadə edirlər və ya hansı səbəbə görə istifadə etmirlər? Yalandan müqavilə imzalayırlar ki, icarəyə verdim. Bunlar hamısı kağızda olan məsələlərdir. Bu gün artıq xəyallardan reallığa keçmək lazımdır. Torpaqlarımız şoranlaşır. Kimyəvi gübrələrdən təbii gübrələrə keçməliyik. Kimyəvi gübrələrin insan bədəninə zərəri var və torpağı öldürür. Bir neçə ildən sonra torpaq məhv olur. Əgər torpağı məhv etsək, gələcəkdə ondan istifadə edə bilməyəcik. Bir tərəfdən gübrələr, bir tərəfdən də şoranlaşma torpaqlarımızı məhv edir. Prezident bildirdi ki, dövlət ehtiyatında olan torpaqların bir hissəsini istifadə etmək üçün vermək olar". Kənd təsərrüfatı məhsulları istehsalında məhsuldarlıq məsələsinə toxunan millət vəkili bildirib ki, Avropada hər hektardan 85 sentner taxıl götürülür: "Bizdə ən böyük rəqəm 55 sentnerdir. Biz buna da razıyıq. Heç olmasa hamısında 55 sentner olsa, yavaş-yavaş inkişaf edərik. Bunun üçün yeni toxum növləri lazımdır. İribuynuzlu heyvanlar 2 milyon yarımdan çoxdur . Ancaq il ərzində bir inəkdən 1000 litrdən çox süd yığa bilmirik. Bu göstərici Amerikada 30 min litrdir. Almaniyanın 1 keçisi bizim 1 inəyin verdiyi süd qədər süd verir. Biz Ağcabədiyə getdik və gördük ki, orada heyvandarlıq inkişafdadır".
Alim