Masallıda istehlakçı hüquqlarına dair konfrans keçirilib

Fevralın 19-da İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti Konfrans Masallıda təşkil edilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycanda istehlakçı hüquqlarının qorunmasının həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb, ölkəmizdə bu sahəyə böyük diqqət göstərildiyini qeyd edib. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin, istehlakçı fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdıran rəis müavini Dövlət Xidmətinin təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların bu baxımdan mühüm önəm kəsb etdiyini vurğulayıb. Araz Əliyev bildirib ki, istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunması məqsədilə Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31