Əhalinin manat qorxusu – Təşvişə əsas varmı?

Bu siyasət nəticəsində ölkədə istehsalın və bununla yanaşı ixracın stimullaşmasına yaxşı zəmin yaranacaq

Mərkəzi Bankın milli valyutanın məzənnəsinə yenidən baxması əhalidə müəyyən narahatçılığa səbəb olub. Dollar və avronun məzənnəsinin Azərbaycan manatından daha üstün olacağını zənn edən vətəndaşlar valyutadəyişmə məntəqələrinin önündə növbəyə duraraq manatı xarici valyutaya dəyişməyə çalışıblar. Bəs görəsən belə bir ciddi marahatçılıq haradan qaynaqlanır və bu narahatçılığa ehtiyac varmı?

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Biriliyi hesab edir ki, Mərkəzi Bankın milli valyutanın məzənnəsinin bir valyutaya deyil, iki valyutaya bağlanmaqla müəyyən edilməsi barədə qərarı dünyada gedən iqtisadi və maliyyə böhranı şəraitində manatın məzənnəsinin daha etibarlı qorunması və bu prosesin idarə edilməsində çevikliyin təmin edilməsi baxımından düzgün addımdır. Təşkilatın ekspertləri hesab edirlər ki, bu addımın atılması zərurəti hələ keçən ilin ortalarından meydana gəlib: "Şübhə etmirik ki, bu qərarın məhz indi qəbul edilməsi ilə bağlı Mərkəzi Bankın öz əsasları mövcuddur. Bu zəruri bir qərardır. Lakin onun qəbulu ilə bağlı əhali arasında vaxtında kifayət qədər izahat işləri aparılmadığından insanlarda çaşqınlıq yaranıb. Vətəndaşlarımız bunu manatın ucuzlaşması prosesinin başlanğıcı kimi dəyərləndirdiklərindən əllərində olan manatı dollara dəyişmək istəyi ilə valyutadəyişmə məntəqələrinə üz tutmağa başlayıblar.  Vətəndaşların böyük əksəriyyəti bu prosesin mahiyyətindən xəbərsizdir, sadəcə diletantların "manat batır"  kimi  əsası olmayan "qiymətləndirməsindən" narahat olaraq manatı dollara dəyişməyə çalışırlar. Elə buna görə də məsələnin kökündə dayanan məqamları vətəndaşlarımız aydın şəkildə izah etmək istəyirik. İkivalyutalı səbət nədir, bu səbət necə formalaşır və onun vasitəsilə milli valyutanın məzənnəsinin müəyyən edilməsi necə baş verir?" Mərkəzdən bildirilir ki, Mərkəzi Bankın ikivalyutalı səbətinin formalaşmasında ABŞ dolları və avro iştirak edir. Bank bu səbəti formalaşdıracaq valyutaların (dollar və avronun) hər birinin dəyərinin bir hissəsini səbətə daxil etməklə səbətin dəyərini - yəni milli valyutanın məzənnəsini müəyyən edir.  Məsələn, bu gün Rusiya Məkkəzi Bankı da bu səbəti iki valyuta - dollar və avro vasitəsilə müəyyən edir. Rusiyada ikivalyutalı səbətin formalaşmağa başladığı ilk vaxtlarda səbətə dolların rublla dəyərinin 90 faizi, avronun isə rubulla dəyərinin 10 faizi daxil edilirdi. Hazırda Rusiya Mərkəzi Bankı səbətə dolların rublla dəyərinin 55 faizini, avronun rubulla dəyərinin isə 45 faizini daxil edərək rublun məzənnəsini müəyyən edir".
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Biriliyi hesab edir ki,
bu gün Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi ikivalyutalı səbətdə ilkin olaraq avronun xüsusi çəkisi çox aşağı müəyyən edilib: "Ən əsası, milli valyutanın məzənnəsinin bir valyutadan asılılığına son qoyuldu. Hazırkı şəraitdə isə bu, gündəmdə dayanan çox vacıb bir məsələ idi. Bir sözlə, sözügedən qərar Mərkəzi Bankın və Azərbaycan hökumətinin dünyada baş verən maliyyə və iqtisadi titrəyişlərinin qarşılığında apardıqları düşünülmüş pul-kredit siyasətinin tərkib hissəsidir.  Digər tərəfdən, bu siyasət nəticəsində ölkədə istehsalın və bununla yanaşı ixracın stimullaşmasına yaxşı zəmin yaranacaq və  ölkə iqtisadiyyatının divesfikasiya edilməsi sahəsində dövlətin müəyyən etdiyi kursun reallaşdırılması yolunda ciddi addım atılmış olacaq" .  


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31