Manat niyə ucuzlaşdı?

Samir Əliyev: “Əsas məqsəd yerli istehsalı dəstəkləmək və ölkənin ixrac potensialını artırmaqdır”

Azərbaycan Mərkəzi Bankı manatın dollardan asılılığının azaldılması strategiyasını saxlamağa çalışır. Məsələ ilə əlaqədar AMB İdarə Heyətinin sədri Elman Rüstəmov "Finacial Times"ə müsahibəsində bildirib ki, Mərkəzi Bank məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçir. Məzənnə siyasətinin dollar və avronun daxil olduğu iki valyutalı səbət mexanizmin əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib. O, manatın məzənnəsinin saxlanılması məqsədilə 1 milyard dollar maddi vəsaitin xərcləndiyini bildirib. Ekspertlər isə hesab edirlər ki, Mərkəzi Bankın valyuta ehtiyatları uzunmüddətli dövrdə manatın məzənnəsinin stabilliyini qoruyub saxlamağa imkan verməyəcək. Çünki Mərkəzi Bankın intervensiya xərcləri 1.5 milyard dollardır və hər ay pul dövriyyəsinə 1.5 milyard dollar vəsait çıxararaq manatı strelizasiya edir. Lakin bir sıra ekspertlər isə iddia edirlər ki, birmənalı şəkildə manatın məzənnəsinin aşağı düşəcəyi inandırıcı deyil.

"Dollar 0.1% bahalaşıb"

İqtisadçı-ekspert Samir Əliyev isə "Olaylar"a açıqlamasında artıq ölkədə manatın devalivasiya prosesinin başladığını və bunun zərurətdən doğduğunu deyib. Qərarın çətin qəbul edildiyini bildirən S.Əliyev, bunu kənarda manata qarşı artan təzyiqlərlə əlaqələndirib:

"Digər ölkələrdə valyutalar ucuzlaşdırıldığı halda manat hələlik sabitliyini saxlayır. Digər tərəfdən ucuzlaşmaya görə, ölkəyə neft pullarının gəlməsi azalır. "Qara qızıl" ucuzlaşanda bir qayda olaraq, neft ölkələrində valyutalar güclü təzyiq altında qalır. Neftin ucuzlaşmasını nəzərə alaraq, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır ki, ölkə iqtisadiyyatı xammal, neft və qazdan asılılığı azalsın. Qeyri-neft sektorunu inkişaf etdirməyin yollarından biri ixracı stimullaşdırmaqdır. Ölkə bazarı çox kiçikdir. Yerli istehsalı inkişaf etdirmək üçün başqa ölkələrə ixrac artırılmalıdır. Bunun üçün manatın məzənnəsi elə bir səviyyədə olmalıdır ki, ixrac edilən məhsullar çox da baha olmasın. Tutaq ki, Rusiyaya bu vaxta qədər Azərbaycandan meyvə-tərəvəz göndərilirdi. Amma rus rublu manata münasibətdə iki dəfə ucuzlaşıb. Bu o deməkdir ki, ölkədən Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları iki dəfə baha başa gəlir. Vaxtilə "Sədərək" və "Binə" ticarət mərkəzlərindən Rusiyaya kifayət qədər mal ixrac edilirdi. Amma indi bu proses səngiyib. Çünki bu, Rusiyaya sərf etmir. Belə bir vəziyyətdə manatın ucuzlaşdırılması zərurətə çevrildi. Ya başqa ölkələrdə olduğu kimi kəskin addım atıla bilərdi, ya da ucuzlaşma olmalıydı. Hökumət ikinci varianta üstünlük verib yumşaq ucuzlaşmaya getdi. Artıq iki gündə manat dollara münasibətdə 0.1% ucuzlaşıb. Cüzi də olsa ucuzlaşma bundan sonra da baş verəcək. Əsas məqsəd yerli istehsalı dəstəkləmək və ölkənin ixrac potensialını artırmaqdır".

Manatın dollardan asılılığından nə vaxt imtina oluna bilər?

Samir Əliyev dollardan imtina edilməsini mümkünsüz hesab edir. Dolların dünyanın bir nömrəli valyutası olduğunu deyən ekspert qeyd edib ki, bazarlarda bütün əməliyyatlar dollara əsasən aparılır:

"Ticarət dövriyyəsinin dünya üzrə təxminən 80%-i dolların payına düşür. Neft-qaz alqı-satqısı bu valyutayla aparılır. Dollardan imtina heç vaxt mümkün deyil. Ölkələrin iqtisadiyyatları dollara münasibətdə öz strategiyasını qoruyub saxlayır. Bizdə isə əvvəl manat birbaşa dollara bağlıydı. Dollar bahalaşanda manat da bahalaşırdı və əks prosesə də eyni münasibət vardı. Fevralın 16-dan başlayaraq manatın devalivasiya prosesinə start verilib. Bu səbətə avro və dollar daxildir. Bu o deməkdir ki, manat təkcə dollara yox, həm də dollara bağlıdır. Dünya bazarında dollar və avronun məzənnəsinin dəyişməsi manata təsirini göstərəcək".


Mənsur
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31