Dünya valyuta bazarı və manatın taleyi
Natiq Cəfərli: “Hər iki mənbədən gələn vəsait azalıb, özü də, ciddi azalıb”
17 Fevral 2015 13:47 İqtisadiyyat"2015-ci ilin valyuta ulduzu dollar olacaq". "Olaylar"ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir fikirlə çıxış edib. "Avro-bölgədə 2 önəmli məsələ var ki, hər ikisi də avronun zəifləməsinə xidmət edir: a. Yunanıstan böhranı, bu ölkənin avro-bölgədən çıxma ehtimalı; b. Avropa Mərkəzi Bankının mart ayından başlayaraq "yumşaq kəmiyyət siyasəti", yaxud "təhvil alma proqramı" çərçivəsində bazara ayda 60 milyard avro buraxacağı. Bu iki önəmli amil avronun kursuna təzyiq yaradır və dollar qarşısında ucuzlaşmasını saxlayır. Eyni zamanda İsveçrə Mərkəzi bankı dünyanın ən qədim və hörmətli valyutalarından biri olan İsveçrə frankının məzənnəsinin süni saxlanması siyasətindən əl çəkib, 1 frank - 1,5 avroya qədər ucuzlaşıb. Bütün dünya ABŞ-dan, yəni, FED-dən faiz artırmasını gözləyir, əgər bu ilin I yarısında FED uçot dərəcəsini heç olmasa 0,25% artırsa, dollar daha da bahalaşacaq, bütün valyutalara qarşı dəyər qazanacaq. Asiya divləri (Çin, Yaponiya) də bilərəkdən öz valyutalarını ucuzlaşdırmaq siyasəti yürüdürlər ki, ixracatçılarına dəstək olsunlar, daha çox ixrac edə bilsinlər, bu amil də, dolların bahalaşmasına işləyəcək. Bir sözlə, bütün amillər 2015-ci ilin valyuta ulduzunun yenidən dollar olacağına işarə edir" - deyə N.Cəfərli bildirib. Ekpert manatın ucuzlaşmasının zərurətə çevrildiyini deyib. Qeyd edib ki, 2008-ci ildə qlobal iqtisadi böhran başlayanda Azərbaycan manatının məzənnəsi cüzi də olsa aşağı salınmalıydı. Natiq Cəfərli vurğulayıb ki, belə bir qərar qeyri-neft sektorunun ixrac potensialını artıra bilər. N.Cəfərli Azərbaycan Mərkəzi Bank 2015-ci ildə yumşaq devalivasiyaya gedəcəyinin siqnalını verib. Ekspertin sözlərinə görə, manatın yumşaq devalivasiyasına getmək qərarında bir sıra faktorlar var: "1. Neftin ucuzlaşması; 2. Ölkəyə, əsasən, 2 mənbədən valyuta daxil olurdu: a. Neft pulu, b. Rusiyadan ailələrə göndərilən vəsait. Hər iki mənbədən gələn vəsait azalıb, özü də, ciddi azalıb, Rusiya ilə bağlı isə hətta əks proses gedir. Yaxşı vaxtlarda Rusiyada çalışıb qazandığı vəsaitə Bakıda daşınmaz əmlak alan bəzi iş adamları, Rusiyada öz bizneslərini ayaqda tutmaq üçün həmin mülklərini satıb, dollara çevirib, Rusiyaya aparırlar. Deməli, manata olan basqılar ciddi artıb. Məhz bu səbəbdən yumşaq devalivasiyaya getmək qərarı verildi".