“Neftin 60 dollar ətrafında stabilləşməsi hamıya xeyirdi”
Natiq Cəfərli: “ABŞ-da ehtiyatlar yenə gözləntilərdən artıq artsa, qiymət kəskin düşəcək, sonra yenə yavaş-yavaş qalxacaq”
13 Fevral 2015 18:00 İqtisadiyyat"Neft bazarında fundamental dəyişikliklər yoxdur, bazarda baş verənlər, əsasən, spekulyativ hərəkətlərdir". Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli məlumat verib. "İndi WTI 51,88 dollara satılır, Brent isə 60,11 dollara, bu normal deyil, spred, yəni, qiymət fərqi 15%-dən artıqdır. Bu da bazarın anormal olduğunu göstərir. Əslində, Brent markalı neftin qiyməti artıq formal hal alıb. Brentə uyğun bazara neft çıxardan bütün markalar diskount elan ediblər, yəni, birja qiymətindən 3-5 dollar ucuz neft satırlar, ona görə də, Brentə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır. Bazar tək ABŞ-dan gələn siqnallara reaksiya verir, artıq 3 həftədir ki, həftənin əvvəli neft ucuzlaşmağa başlayır, hər 3-ci gün, ABŞ-da həftəlik ehtiyatlar haqqında statistika çıxanda neft kəskin ucuzlaşır, sonra 4-ci və 5-ci gün yavaş-yavaş qalxır. İndi də elə olacaq, gələn həftə ABŞ-da ehtiyatlar yenə gözləntilərdən artıq artsa, qiymət kəskin düşəcək, sonra yenə yavaş-yavaş qalxacaq. Əslində, qiymətin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir, yəqin ki, elə də olacaq" - deyə N.Cəfərli qeyd edib. ("OLAYLAR İA")