“Yumurta idxalı artıb”
Vahid Məhərrəmov: “...məhsulun anbarlarda qalıb cücərməməsi səbəbindən bazarlara çıxarılması ilə izah edirlər”
9 Fevral 2015 13:18 İqtisadiyyat"Azərbaycana yumurta idxalı artıb". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov çıxış edib. "Əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Buna əsas səbəb qonşu Rusiyanın milli valyutasının devalvasiyası nəticəsində ölkəmizə maliyyə axınlarının əhəmiyyətli dərəcədə azalması olub. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində gündəlik istifadə olunan mallara təlabat azalıb. Manatının qonşu ölkələrin milli valyutasına nisbətən möhkəmlənməsi isə ölkəmizə mal, məhsul idxalını artırıb. İdxal hesabına təklifin artması və bunun fonunda tələbin kəskin olaraq azalması bəzi mal və məhsulların qiymətlərinin nisbətən aşağı düşməsinə səbəb olub. O cümlədən son zamanlar Rusiyadan, Türkiyədən, İrandan kartof, Ukraynadan yumurta idxalı artıb. Bu da eyni adda məhsulların daxili bazarda qiymətlərini nisbətən ucuzlaşdırıb. Ucuzlaşmanı isə bu məhsulun (kartofun) anbarlarda qalıb cücərməməsi səbəbindən bazarlara çıxarılması ilə izah edilir. Onda sual olunur, qışın oğlan çağında yumurtanın qiyməti niyə ucuzlaşıb, yumurta da cücərir?" - deyə V.Məhərrəmov bildirib.