Azərbaycan neftinin qiyməti bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 58,26 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Trend-ə verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən 2,83 dollar/barel artıb. "Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur. ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisi üzrə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 56,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0, 2,67 dollar/barel çoxdur. Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 3-də 53,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,22 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 3-də 54,81 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,54 dollar/barel çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31