“Azərbaycanda daxili bazarın qorunmasına start verildi”
Samir Əliyev: “Bu isə o deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə yerli mallarla müqayisədə ucuz olur”
3 Fevral 2015 13:52 İqtisadiyyat"Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya ixrac stimullaşdırılmalıdır, ya da daxili bazar qorunmalıdır". "Olaylar"ın məlumatına görə, iqtisadçı-ekspert Samir Əliyev belə bir fikirlə çıxış edib. "Hökumətin qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək kimi bir vəzifə durur. Səbəb də aydındır. Artıq neft gəlirləri əvvəlki səviyyədə deyil. Qeyri-neft sektorunu inkişaf etdirmək üçün ya ixrac stimullaşdırılmalıdır, ya da daxili bazar qorunmalıdır. Manatın devalvasiyasının indiki dövrdə təhlükəli olması stimullaşdırma ideyasını hələki arxa plana keçirir. Hələ kiçik gərginliyə görə təkcə dekabr ayında Mərkəzi Bankın ehtiyatlarının 8 faizi itirməsi vəziyyətin daha da kritik olmasından xəbər verir. Hökumətin hələki devalvasiya riskinə getməsi inandırıcı görünmür, halbuki bütün şərtlər bunu diqtə edir. Deməli, daxili bazarı qorumaqla yerli istehsalın rəqabət qabiliyyətini artırmaq variantı gündəmə gəlir. Ucuz və keyfiyyətli xarici malın qarşısında ancaq və ancaq ondan da ucuz yerli istehsal tab gətirə bilər. Fikrimcə, bir sıra mallara, o cümlədən geniş istehlak olunan siqaret və spirtli içkilərin idxalına qoyulan aksizlərin artırılması daha çox daxili bazarı qorumaq məqsədi daşıyır. Çünki Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin demək olar ki, hamısında milli valyutalar devalvasiyaya uğrayıb. Bu isə o deməkdir ki, onların istehsalı olan məhsullar ölkəyə gətiriləndə yerli mallarla müqayisədə ucuz olur. Bu da yerli istehsala problem yaradır. Hökumət bu yolla daxili istehsalı qorumağa çalışır. Bunun arxasında dövlət büdcəsinə vergi daxilolmalarının artırılması kimi məqsəd də durur. Hər halda neft gəlirlərinin kəskin azalması hökuməti alternativ mənbələr axtarmağa vadar edir. Nazirlər Kabinetinin siqaret və spirtli içkilərin idxalına tətbiq edilən aksiz vergisinin dərəcəsini artırması gələcəkdə ölkədə inflyasiya artımına gətirib çıxaracaq. Təbii ki adıçəkilən malların bahalaşması qaçılmaz olacaq" - deyə S.Əliyev bildirib.