Ətin qiymətinin ucuzlaşmasının səbəbləri – Mütəxəssis araşdırması

Vahid Məhərrəmov: “Hər ildə Gürcüstandan ölkəmizə kəsim üçün 100 min başdan çox diri heyvan idxal olunur”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycan bazarlarında ətin ucuzlaşması barədə danışıb. O, ucuzlaşmanı bir neçə səbəblə izah edib. Əsas səbəblərdən birinin son zamanlar yas mərasimlərində ehsana qoyulan məhdudiyyətlərlə bağlı olduğunu deyən V.Məhərrəmov bildirib ki, hər ildə təxminən 200 min baş mal-qara yas mərasimlərində ehsan üçün istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib: "Tələb azalıb. Əsas səbəblərdən biri də keçən il fermerlər, kəndlilər qış üçün kifayyət qədər yem ehtiyatı tədarük edə bilmədilər, bölgələrdə mal yeminin, otun qiyməti sıçrayışla artıb. Hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox artıb. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin durümda qoydu. Fermerlər təcili olaraq heyvanları dəyər-dəyməzə satmaq və yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Bu səbəbdən bazarda təklif ciddi olaraq artırıb. Səbəblərdən biri də son zamanlar ölkəyə idxal olunan diri heyvanların sayının artmasıdı. Belə ki, 2013-cü ildə Azərbaycana 41,2 milyon dollar dəhərində diri heyvanlar idxal olunduğu halda keçən il bu göstərici 27 faiz artaraq 52, 3 milyon dollar təşkil etmişdi. Hər ildə Gürcüstandan ölkəmizə kəsim üçün 100 min başdan çox diri heyvan idxal olunur. Gürcüstandan idxal olunan heyvanlar yerli heyvanlara nisbətən hər kiloqram diri çəki üçün 1 manat ucuz təklif olunur. Bu da daxili bazara öz təsirini göstərir. Digər səbəb kimi dondurulmuş ət idxalının artmasını göstərmək olar. Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. Dondurulmuş ət təzə ət bazarında qiymətlərə təsir etməsə də əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün alıcıların bir qisminin ətə olan təlabatını ödəyir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31