Rusiyanın “neft oyunu” üçün son kartı: “Öküz trendi”
Natiq Cəfərli: “Treyderler bunu küyə salıb, əllərində olan fyuçersləri baha satıb, "qısa mövqelərini" bağlayırlar”
3 Fevral 2015 12:02 İqtisadiyyat"Neft bazarında son günlər maraqlı hadisələr baş verir". "Olaylar"ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli belə bir iddia ilə çıxış edib. "Heç bir fundamental səbəb olmadan qiymətlər 5-6 dollar qalxıb. İllərdir bu bazarı diqqətlə izləyən biri kimi deyirəm ki, bu növbəti kəskin düşüşün əlamətidir. Bunun müxtəlif səbəbləri var. Məsələn, Çin və Avropa İttifaqının Sənaye Emalı İndeksi (PMİ) yanvar ayında xeyli aşağı düşdü. Qışın mövsümi təsiri başa çatır, yaz ayları neftə tələbatın azalması mövsümidir. Neftdən istilik alma rejimi bitir, tətil mövsümünə isə hələ var. Digər tərəfdən Liviya, İraq və İran yeni həcmlə bazara daxil olmaq istəyirlər. Paralel olaraq, qiymətin enməsində az da olsa rolu olan siyasi proseslər hələ də davam edir. ABŞ-da slansla məşğul olan iri şirkətlər təmərküzləşmə yolu ilə maya dəyərini azaltma yolunu gedirlər. Bəs, nə baş verir ki, qiymət artır. Lakin bunun fundamental səbəbləri yoxdur. 1. İri treyderlər növbəti qiymət azalmasından öncə "qısa mövqeləri" bağlayırlar. 2. Rusiya treyder şirkətləri (əsasən də İsveçdə) son kart olaraq "öküz trendi" yaratmağa çalışırlar, anlamırlar ki, əksinə pul itirəcəklər, amma risk edirlər. Çünki əllərindəki havayı qazanılmış oğurluq pullardır. 3. ABŞ-da 96 buruq işini dayandırıb, bu da təmərküzləşmə ilə bağlıdır. Amma treyderler bunu küyə salıb, əllərində olan fyuçersləri baha satıb, "qısa mövqelərini" bağlayırlar. Bir sözlə, bu "uçuş", növbəti sərt "enmənin" anonsudur" - deyə N.Cəfərli bildirib.