Neftin qiymətinin düşməsi mənfi fəsadlar yaratmayacaq

Azərbaycanın kifayət qədər qızıl valyuta ehtiyatları var

Dünya bazarında neftin qiymətinin minimum həddə endiyi bir məqamda OPEK-in baş katibi Abdulla əl-Bədri bəyan edib ki, neftin barrelinin qiyməti 200 dollardan yuxarı qalxa bilər. Baş katib, eyni zamanda, bunun neft hasilatına qoyulan investisiyaların qıtlığı səbəbindən baş verəcəyini qeyd edib: "Əgər siz neft və qaz hasilatına sərmayə yatırmasanız, onda qiymətlər 200 dollardan da yuxarı qalxa bilər", - deyə Abdulla əl Bədri bildirib. Qeyd edək ki, yanvarın 26-da keçirilən sövdələşmələrin ilk saatlarında Brent markalı neftin barrelinin qiyməti 47,61 dollara enib, günün sonunda isə 48,74 dollara yüksəlib. Lakin neftin qiymətinin dünya bazarında kəskin dəyişməsinə baxmayaraq hələlik onun nəzərəçarpaçaq dərəcədə artımı müşahidə olunmur. Belə halda Azərbaycan hansı çətinliklərlə üzləşə bilər? İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, dünya bazarında neftin qiymətinin enməsinə baxmayaraq ən azından cari ilin ilk altı ayında Azərbaycanda hansısa problemin yaranacağı mümkün deyil. 2015-ci ilin birinci yarısında ciddi problemlər gözlənilmir. Əgər neftin dünya bazarında qiyməti 50 dollar cüvarında bərqərar qalsa, Azərbaycan 2017-ci ildə müəyyən problemlə qarşılaşa bilər. Bu il Dövlət Neft Fondu dövlət büdcəsinə 10,3 milyard manat vəsait transfer edəcək. Bu isə o deməkdir ki, dövlət büdcəsinin 53,4 faizi Dövlət Neft Fondunun hesabına formalaşacaq. Dövlət Büdcəsinin 35 faizi isə qeyri-neft sektorunun hesabına formalaşmalıdır. Bu həm də o deməkdir ki, dövlət büdcəsinin 88,8 faizi əldə olan vəsaitlər hesabına formalaşacaq. Göründüyü kimi hazırki vəziyyət cari il üçün hansısa problem yaratmır. Məsələ orasındadır ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə köçürəcəyi vəsaitin təxminən 1 milyard manat "Cənub dəhlizi" çərçivəsində görülən işlərə xərclənəcək. Faktiki olaraq bu ona gətirib çıxaracaq ki, Dövlət Neft Fondu 12 milyarda yaxın vəsait xərcləyəcək, real gəlirləri isə bundan xeyli az olacaq. Ekspert hesab edir ki, qeyri-neft sektorunu inkişaf etdirməklə ehtimal olunan problemi aradan qaldırmaq mümkündür. Belə ki, Azərbaycanda informasiya texnologiyaları, aqrar sektor və turizm kimi ixrac potensialına malik olan sahələr var. Xüsusən, aqrar sektor ixrac potensialı baxımından prioritet sektor kimi qiymətləndirilir. Aqrar sektor həm də ona görə vacibdir ki, o, eyni zamanda ərzaq təhlükəsizliyi deməkdir.

Yeri gəlmişkən qeyd edək ki, iqtisadçı ekspertlər dünya bazarında neftin qiymətinin ucuzlaşmasının neft ixracatçısı ölkəsi kimi Azərbaycana təsirindən danışarkən ilk növbədə 2015-ci ili deyil, ondan sonrakı illərdə bunun hiss olunacağını düşünür. İqtisadçı ekspert İlham Şabanın fikrincə, neftin qiymətinin düşməsinin real təsiri Neft Fonduna gələn dividentlərin azalmasında müşahidə olunacaq ki, bunun da müəyyən dövr üçün heç bir təsiri ola bilməz: "Bizdə iqtisadiyyatın strukturu elədir ki, özəl şirkətlər neft hasilatı ilə məşğul olmur ki, onların ödənişləri nəticəsində büdcə formalaşsın. Yəni büdcədə neft hasilatçılarının ödənişləri cəmi 10 faizdən bir qədər artıqdır. Büdcəyə Neft Fondundan transferlər isə 53,5 faizdir. Ən çətin məqamda hökümət neftin qiymətinin kəskin aşağı düşəcəyi halda Neft Fondunun vəsaitlərindən gələn il üçün 10, 3 milyard dolları büdcərə transfer edəcək. Həmçinin Dövlət Neft Şirkəti gələn il üçün büdcətə 1,5 milyard ödəniş etməlidir. Gömrük Komitəsi 1,6 milyard vergi ödəməlidir. Bir komitənin vergisi bir böyük şirkətin vergisindən çoxdur. Başqa ölkənin iqtisadiyyatda belə bir struktur müşahidə olunmur".
Ümumilikdə ekspertlər hesab edirlər ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərində problem yaratmaya bilər. Çünki Neft Fondunun kifayət qədər rezervləri var. Belə halda neftin satışından əldə olunan gəlirlərin birmənalı şəkildə azalacağını gözlənsə sə yarana biləcək büdcə kəsirinin fərqli yollarla kompensasiya olunacağı mümkündür. Analitiklərin qənaətincə, nert gəlirləri azaldığı tədqirdə infrastruktur layihələrinin bəzilərinin iki-üç il ertələnməsi büdcə kəsirinin qarşılanmasına əlavə imkan yarada bilər. Ən kritik anda hökümətin qızıl valyuta ehtiyatlarından bank sistemini sabitləşdirmək üçün istifadə edəcəyi də mümkündür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qızıl valyuta ehtiyatları 53-54 milyard dollardır və bundan istifadə edərək maliyyə-bank sistemini sabitləşdirmək heç bir problem yaratmır. Hətta yarana biləcək infilyasiya belə Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşəcək. Ona görə ki, Azərbaycanda formalaşdırılan bank və pul-kredit siyasəti manatın məzənnəsinin sabit saxlanması istiqamətində lazımi addımların atılmasına imkan verir.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31