“Çin yuanını Neft Fondunun valyuta ehtiyatlarına daxil etmək olar”

Samir Əliyev: “Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı”

"Neft Fondunun 2015-ci il büdcəsi ilk dəfə olaraq kəsirlə təsdiq olunacaq". "Olaylar"ın məlumatına görə, belə bir iddia ilə iqtisadçı-ekspert Samir Əliyev çıxış edib. S.Əliyev bildirib ki, kəsirin həcmi 1.6 milyard manat olacaq. Ekspertin sözlərinə görə, 2015-ci ilin büdcə zərfindəki göstərici ilə müqayisədə təxminən 500 milyon manata qədər ixtisar olunub. Samir Əliyev qeyd edib ki, təklif olunan büdcə layihəsi olduğu kimi təsdiq olunsa, fondun gəliri 10.25 milyard manat, xərci isə 11.8 milyard manat olacaq, eyni zamanda fondun idarə edilməsinə isə 33.32 milyon manat xərclənəcək: "Ötən il, xüsusən də ilin ikinci yarısı Fond üçün heç də uğurlu olmayıb. Təkcə 3-cü rübdə Fondun aktivləri 317,1 milyon dollar azalıb. Sonuncu rübdə həm neftin ucuzlaşmaqda davam etməsi, həm də dolların əsas valyutalara münasibətdə bahalaşması aktivləri daha da azaldacaq. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərərin də artımı labüddür. Xatırlayırsınızsa, yola saldığımız ilin 9 ayında valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər 966,4 milyon manata bərabər idi. İlin sonuna aktivlərə daxil edilən valyutaların ucuzlaşması daha da dərinləşdirib. 2014-cü ilin sonuna dollara münasibətdə avro təxminən 12,1%, funt sterlinq 6%, Avstraliya dolları 8%, Türkiyə lirəsi 8,7%, rus rublu 83%, Cənubi Koreya vonu isə 3,3% dəyərsizləşib. Bu valyutaların dollara ucuzlaşması paralel olaraq manata münasibətdə də baş verib. Çünki manatın dollara nəzərən məzənnəsi sabit qalıb, digər valyutalala məzənnəsi ilə çarpaz müəyyən olunur. Bu ucuzlaşmadan sonra Neft Fondunun 2014-cü il üzrə valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərəri böyük ehtimalla 1,5 milyard manatdan çox olacaq. Qızılın dünya qiymətləri ötən il sabit qaldığından Fondun bu aktivdən saxlanma xərcləri istisna olmaqla zərəri olmayıb". Samir Əliyev hesab edir ki, neft indiki səviyyədə qalarsa bu halda ehtiyatda olan aktivlərə müraciət ediləcək. "Bu isə ehtiyatların azalmasına gətirib çıxaracaq. Valyutaların ucuzaşması digər tərəfdən zərəri daha da artıra bilər. Fond ehtiyatlarını əlverişli diversifikasiya etməklə idarəetmədə baş verə biləcək zərəri minimumua endirə bilər. Bunun üçün Çin yuanının ehtiyatlara daxil edilməsi daha səmərəli olar. Bu ölkənin valyutası ötən il cəmisi 2,5% ucuzlaşıb. Yuanın daxil edilməsi isə avronun payının azaldılması hesabına baş verə bilər. Çünki bütün proqnozlar avronun ucuzlaşmaqda davam edəcəyini göstərir. Proqnozlara görə, yaxın 3 ayda avro 1,14-a, ilin sonuna isə dollarla bərabərləşə bilər. Buna görə avronun payının 20-25%-ə endirilməsi düzgün olardı. Rusiyadakı aktivlərdən imtina barədə düşünmək yaxşı olardı" - deyə S.Əliyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31