Lempard: ""Çelsi"nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim"
22 Sentyabr 2014 17:31 İdman"Mançester Siti"nin yarımmüdafiəçisi Frank Lempard dünən İngiltərə Premyer Liqasında sabiq komandası "Çelsi"ylə oyunda (1:1) vurduğu qolla bağlı fikirlərini açıqlayıb. Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Sky Sports"a müsahibəsində o deyib ki, uzun illər şərəfini qoruduğu komandasına qol vurmaq onun üçün çətin olub. "Amma biz peşəkarıq, ona görə də öz işimizi görməliyik. Qol vuracağımı gözləmirdim. Şadam ki, bu qol komandama bir xal qazandırdı. Eşitdiyimə görə, topu "Çelsi"nin qapısından keçirdikdən sonra London klubunun azarkeşləri mənim lehimə şüarlar səsləndiriblər. Bu, emosional vəziyyətdir. Mən "Çelsi"nin azarkeşləri ilə bu cür vidalaşmaq istəmirdim", - deyə o qeyd edib. Lempard bu mövsümdən "Mançester Siti"nin şərəfini qoruyur. O, sabiq komandası "Çelsi" ilə oyunun 85-ci dəqiqəsində qol vuraraq onları qələbədən məhrum edib. Lempard fərqləndikdən sonra sevinməyib.