Vaqif Cavadov qolla, Mahir Şükürov “sarı” ilə fərqləndi
1 Sentyabr 2014 10:41 İdmanTürkiyə çempionatında 2014/15 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, Superliqa və I liqada mübarizə aparan Azərbaycan futbolçularının komandaları da ilk oyunlarını keçiriblər. Yüksək dəstədəki yeganə futbolçumuz Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" uğursuz starta üzülüb. Onlar öz meydanında "Qaziantepspor"a uduzub - 1:2. Adı "18-liy"ə daxil edilən Cihan meydana çıxmayıb. I liqada debüt edən Timur Təməltaşın formasını geydiyi "Altınordu" səfərdə "Bucaspor"la qarşılaşıb. Təmsilçimiz 1:1 hesabı ilə başa çatan qarşılaşmaya start heyətində çıxıb. Gənc futbolçu 86-cı dəqiqədə əvəzlənib. Branimir Subaşiçin "Manisaspor"da debütü uğursuz alınıb. Bu komanda öz meydanında "Alanyaspor"a 0:3 hesabı ilə uduzub. Yığmamızın sabiq hücumçusu 90 dəqiqə meydanda olub. Rail Məlikovun yenidən sıralarına döndüyü "Dənizlispor" səfərdə "Adana Dəmirspor"la görüşüb. Oyun bərabərliklə nəticələnib - 1:1. Müdafiəçimiz bu qarşılaşmada "18-liy"ə də düşməyib. Mahir Şükürov "Karşıyaka"da ilk oyununu keçirib. "Antalyaspor"la görüşdə 90 dəqiqə meydanda olan futbolçu sarı vərəqə də alıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qaziantep BB" - "Boluspor" matçı isə qeyri-adi halla əlamətdar olub. Belə ki, birdən-birə 3 futbolçumuz start heyətində meydana çıxıb. Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyev "üçlüy"ü "Qaziantep BB"in heyətində 90 dəqiqə meydanda olub. İlk qolunu debüt matçında vuran Cavadov 33-cü dəqiqədə hesabı açsa da, komandası üstünlüyünü qoruya bilməyib.