“Qarabağ” həftəsi, Böyükağanın lətifəsi

Məşədi Cəfər

"Qarabağ" bu həftəyə damğasını vurdu. Klubumuz  tarixində ilk dəfə olaraq Avroliqanın qrup mərhələsində oynayacaq. Köhnə futbol həvəskarlarının yadına salım ki, bu bir zamanların Kuboklar Kuboku, yəni Öz Ölkələrinin Kubokunu almış komandaların çempionatıdır. Hansı ki,  SSRİ-nin iki komandası- "Dinamo" Kiyev və "Dinamo" Tbilisisi bu yarışın qalibi olmuşdu. Müstəqillik dövründə bu kuboku qardaş Türkiyədən "Qalatasaray", Ukraynadan "Şaxtyor", Rusiyadan "Zenit " və ÇSSK başı üzərinə qaldırıb. İndi "Qarabağ" bu kubok uğrunda yarışacaq komandalarla bir qrupda oynayacaq. Çətin olacaq, ancaq "Qarabağ" çox çətinlikləri aşıb keçmiş komandadır.  Ölkəmizdən bu uğura ilk dəfə "Neftçi" imza atıb. Komandamız ötən il Avroliqanın qrup mərhələsinə düşmüşdü. "Neftçi" bu il də qrupa düşə bilərdi. Qarşısına keçə biləcəyi asan rəqiblər çıxsa da, paytaxt klubu bu il büdrədi.  Amma bu bir ildə  "Neftçi"nin söylədiyi qeyri-ciddi sözlər, iddialarla artıq gülüş hədəfinə çevrilmiş baş məşqçisinin, bir müddət öncə istefa vermiş direktorunun minnətini eşitdik: "Biz Avroliqada oynamış adamlarıq".  Həmkarlarımızdan biri haqlı olaraq yazır ki, Qurban və komandası bizi Böyükağa Hacıyevlə, Tahir Süleymanovun tənələrindən qurtardı.
  Maraqlıdır ki, qələbəni "Qarabağ" qazanıb, amma lətifələri Böyükağa müəllim üçün qoşurlar. Böyükağa müəllim haqqında lətifələr və məzəli hekayələr:
- Deyilənə görə, "Neftçi"nin son iki illik oyununu izləyən və uğurlarına heyran olan "Barselona" Böyükağa müəllimi aparmaq istəyir.
-Messi "Barselona"dan və futboldan gedir. Futbolçu CNN-ə açıqlamasında deyib:  "Klub rəhbərliyindən mənə verilən məlumata görə, Barsa gələn mövsümdən komandanın başına Böyükağa müəllimi gətirəcək. Mən də eşitmişəm ki, bir hücumçi" kimi onu qane etmirəm. Qvardiolaya, Martinoya, Enrikeyə, hörmətlə yanaşıram, TİTO-nun da ruhu məndən inciməsin, amma Böyükağa müəllim mənim üçün etalondur. Ona görə də futboldan gedirəm, Böyükağa müəllim məni nə zaman çağırsa, bu həyata yenidən qayıdışım olacaq".
- Dünya şöhrətli futbol mütəxəssisi Maurinyo ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib. Buna səbəb Maurinyonun sport.ru saytından oxuduğu Böyükağa Hacıyevin onunla bağlı sözləridir. Qeyd edək ki, Böyükağa müəllim  "Mourinyo yaxşı məşqçidir, amma taktiki cəhətdən səhvlərə yol verir" demişdi. Bunu oxuyan Maurinyo deyib ki, "Mənə İŞİD-in gülləsi dəysəydi, bu qədər incitməzdi, Böyükağanın sözləri çox xətrimə dəydi".
Böyükağa müəllim barədə bu qədər. Hər halda yekə-yekə danışmağı olsa da, kişinin əməyi də, nəticəsi də var. "Qarabağ" həftəsidir, "Qarabağ"la da qurtaraq. Qurbanın komandası tarix yazdı, Avroliqada oynayan ilk qaçqın klubu kimi tarixə düşdü. Amma gözügötürməyənlər tez ortaya vəhabini söhbəti atdılar. Stadionda bir nəfər namaz qılırmış, bunu görən "telejurnalist" yazıb ki, "Qarabağ"a vəhabilər sponsorluq edir. Bir nəfər "Qarabağ" azarkeşi də yazır ki, "Qarabağ"ın oyunu zamanı bir nəfər stadionda araq içəcəksə, bu o deməkdir ki,  kluba alkaşlar sponsorluq edir? Lap elə sponsor bizim sevmədiyimiz adamdır, şirkətdir, nə dəxli var? Statistikaya "Qarabağ"ın adı düşdü. Tarixi Qurbanın komandası yazdı. "Qarabağ" Azərbaycanın hər təbəqədən, hər millətdən, hər regiondan olan insanlarının sevimli komandasıdır. Hətta rusdillilər belə "Qarabağ"ın oyununa sevindilər. Və yazdılar:
-Saqol Karabax!
-Халалды сана, Гурбан!
-Карабах гучлуду!
- Qolu Muarrem vurdu, amma xamısına taşakkur duşur!
Sevginin dili, ləhcəsi olmur, təki ifadə olunsun! Hansı dildə olur-olsun, təki sevgi ifadə olunsun, qəzəb-kin deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31