Ronaldo Avropanın ən yaxşı oyunçusu seçildi

İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiyanu Ronaldo 2013/2014-cü illər mövsümündəki çıxışına görə, Avropanın "Ən yaxşı futbolçu"su adına layiq görülüb. "Olaylar"ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı oyunçu Monakoda keçirilən mükafatlandırılma mərasimindəki çıxışında bundan dolayı xoşbəxt olduğunu bildirib. Ronaldo qazandığı uğurda pay sahibi olan komanda yoldaşlarını da unutmayıb və hər birisinə təşəkkür edib: "Komanda olmadan fərdi mükafat almaq mümkün deyil". Mükafata Ronaldo ilə birlikdə Almaniyanın "Bavariya" FK-nın hücumçusu Aryen Roben və qapıçısı Manuel Noyer də iddialı idilər. Səsvermə 45 jurnalist arasında keçirilib və portuqaliyalının xeyrinə nəticələnib. Qeyd edək ki, Kriştiyanu Ronaldo keçən mövsüm "Real Madrid"lə Çempionlar Liqası, UEFA Super Kuboku və İspaniya Kubokunun qalibi olub və 51 qola imza atıb. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31