6 rəqibinin heç birinə şans vermədi
11 Mart 2016 18:50 İdmanBakıda cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, bu yarışda Gəncə cüdoçusu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paytaxtda ənənəvi olaraq hər il düzənlənən turnirdə 500-ə yaxın yeniyetmə tatami ustası iştirak edib. Azərbaycanla yanaşı Rusiya, Gürcüstan və Ukrayna cüdoçularının qüvvəsini sınadığı yarışda qaliblər 10 çəki dərəcəsində müəyyənləşib. Gəncədən 1 saylı UGİM-nin yetirməsi Turan Bayramov 42 kq-da tatami üzərinə çıxıb. 6 rəqibini üstələyən idmançı ilk dəfə qatıldığı beynəlxalq turnirin qalibi olub. Turan Bayramov: "Beynəlxalq turnirdə iştirak etdim. Bu, mənim ilk beynəlxalq yarışım idi. Mən bu turnirdə birinci yerə layiq görüldüm". Beynəlxalq turnirdəki qələbə gənc məşqçi Xanəhməd Rzazadənin yetirməsinin qısa vaxtda ikinci belə uğurudur. Xanəhməd Rzazadə: "Turun Bayramov ümidverici idmançılarımızdandır. Onun respublika çempionu olduqdan sonra beynəlxalq turnirin də qalibi olması bizi çox sevindirdi. Cüdo idman növündə arxa-arxaya iki yarışın qalibi olmaq çətindir. Amma Turan Bayramov bunu bacardı. Yetirməmizin ölkəmizi gələcəkdə xaricdə təmsil etməsini və vətənə medallarla qayıtmasını arzulayırıq". 7 ildir ki, cüdo ilə məşğul olan Turan Bayramov buna qədər dəfələrlə müxtəlif səviyyəli şəhər və respublika turnirlərinin qalibi və mükafatçısı olub.