Zəlzələ ilə bağlı təcili yardım briqadaları gücləndirilmiş iş rejiminə keçib - TƏBİB

Bu gün yerli vaxtla saat 08:16-da Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.

Bu barədə Olaylar.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, zəlzələ ilə bağlı "103" xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.

"Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib", - deyə əlavə edilib.

Qeyd edək ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31