İranda prezident seçkilərinin vaxtı uzadıldı
28 İyun 19:02 Güneyİranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20:00-dək uzadılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı iki saat artırılıb.
Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.
İran prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf - rəqabət aparır. İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.