İranın yol və şəhərsalma naziri prezidentliyə namizəd olub
3 İyun 17:58 Güneyİranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş bu gün (3 iyun) İran prezident seçkilərində namizədlik qeydiyyatından keçib.
Bu barədə Olaylar İran KİV-ə istinadən məlumat verib.
Bəzrpaş həm də İran-Azərbaycan Müştərək Komissiyasının iranlı həmsədridir.
Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək. Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.