İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edir - ÖZƏL
31 Avqust 2023 13:45 Güney"İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiyə gölü də quruyur:
"Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi. Urmiyə gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur".
Politoloq deyib ki, təbii sərvətinə və müalicəvi önəminə görə Urmiyə gölü İran ərazisindəki 6 göldən ən zənginidir:
"Göl yerləşdiyi relyefə, təbii gözəlliyə, şəfalı su və palçığında olan mineral maddələrin çoxluğuna görə təbiətin bu bölgəyə verdiyi əvəzsiz nemətdir. Gölün suyu həddindən artıq şor olduğundan suya düşən insan boğulmur. Gölün sahilindəki palçıq böyük müalicəvi keyfiyyətə malikdir".