Sözün vətən harayı: Qərbi Azərbaycan həsrəti və qayıdış missiyası- RAMİZ QASIMOV yazır
20 İyun 10:09 ƏdəbiyyatI YAZI
Alagözdən bu yana,
Ağbabadan o yana.
Hey dayana-dayana
Gəzintiyə çıxan Kür!
Bu məşhur misralar istiqlal şairimiz Əhməd Cavadın yaradıcılığındandır. Əlbəttə, ilk diqqəti cəlb edən şeirdəki "Alagöz" və "Ağbaba" toponimləridir. Ə.Cavadın həsrət dolu ifadə etdiyi coğrafi adlar mühaciərt ədəbiyyatımızın görkəmli nümayəndəsi Almas İldırımın da lirikasında işlənmiş, Azərbaycanın tarixi bütövlüyü və Turan ellərinin nisgili kimi öz əksini tapmışdır. Almas İldırım da "Əsir Azərbaycanım" adlı şeirində Əhməd Cavad kimi Alagözü vətən bütövlüyünün simvolu kimi görərək ona Ağrı dağdan salam ötürmək istəyini dilə gətirmişdi: "Salam desəm, rüzgar alıb götürsə, Ağrı dağdan Alagözə ötürsə". Ə.Cavadın və A.İldırımın Kür çayının axışı istiqamətində adlarını məxsusi olaraq nəzərə çarpdırdıqları Alagöz, Ağbaba kimi yer adları Qərbi Azərbaycanımızda mövcud olan dağ və mahal adlarıdır. Alagöz Kiçik Qafqaz sıra dağlarının Qərbi Azərbaycanımızı əhatə edən hissəsində olan ən hündür zirvəsidir. Ağbaba isə oradakı həm dağın, həm də mahalın adıdır. Görünür, Əhməd Cavad ""Arazı" götür birbaş Get Xəzərdə yıkan Kür" deməklə müəyyən tarixi-siyasi səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qərbi Azərbaycanımızın ermənilərə güzəştə gedilməsinin günahının yuyulması aktı kimi ifadə etmək istəmişdir. Həmçinin Kür çayını bütün qolları ilə Azərbaycanı bağrını basaraq birləşdirən tarixi-coğrafi xətt bilmişdir. Qərbi Azərbaycan xalqımızdan qoparılıb qəlbinə dağ basılandan sonra qəlbində yaraya dönərək bədii yaddaşında yaşadılmışdır. Bu baxımdan öz doğma, ata-baba torpaqlarından didərgin düşən vətən övladlarımızın Qərbi Azərbaycan həsrəti və yurda qayıtmaq ümidləri bədii ədəbiyyatımızda yaşamış, bu günün reallıqlarına qədər daşınmışdır. Qərbi Azərbaycandan zülmlə köçürülən, deportasiya, ölüm və səfalətə məhkum edilən xalqımızın bir hissəsi Naxçıvanda məskunlaşmışdır. Onların ədəbi düşüncəsində həmişə erməni faşizmi ilə mübarizə başlıca yer almışdır. Onların dilindən erməni faşizminin göstərdiyi zülm, ağlasığmayan işgəncə, toplu ölüm aktları, qəddarlıq nümunələri ağrıya bükülərək ifadə edilmişdir. Ayağıyalın, ac-susuz, zülm və işgəncə ilə yerindən -yurdundan çıxarılaraq qovulan azərbaycanlıların ahı-naləsi dünyanı tutsa da, nə SSRİ rəhbərlərinin qulağına çatdı, nə də bir qüvvə tapıldı ki, bu zülmə son qoya. Onların bədii yaradıcılığında bu məşum hadisələr əks olunduğu kimi, doğma vətənə - Qərbi Azərbaycana qayıdış ümidləri də daim yaşamış, bir ümid işartısı olaraq gələcəyə - bu günə daşınmışdır.
Naxçıvanda məskunlaşan qərbi azərbaycanlıların folklorunda da erməni zülmünə nifrət, doğma torpağından ayrılmanın kədəri yer almışdır:
Naçaram, ay naçaram,
Baş götürüb qaçaram.
Harda bir qərib görsəm,
Orda dərdimi açaram.
Vətənimdə talan var,
Zülfün üzə salan var.
Erməniyə heç inanma,
Onlarda çox yalan var.
Dağlar, üzün gülmədi,
Çiçəyin üzülmədi.
Yağı yolun bağladı,
Elim sizə gəlmədi.
Qərbi Azərbaycandan erməni zülmü nəticəsində elindən-obasılndan didərgin düşüb Naxçıvanda məskunlaşan bir çox eloğlunun yaradıcılığında yurd həsrəti və mnəhəbbəti yer almış, bədii yaddaş olaraq yaşadılmışdır. Çalxanqala kəndində məskunlaşan Aşıq Kamil Teymuroğlu (Həsənov), Şıxmahmud kəndində məskunlaşan şair Ramiz Babayevin, Əlincə kəndində yaşamış Allahverdi Kalbalıyevin, Kurud kəndində yaşayan Səttarxan İmaməlinin, Naxçıvan şəhərində məskunlaşmış Zaur Vedilinin (hazırda Bakı şəhərində yaşayır - müəl.) əsərlərində Qərbi Azərbaycana, onun yurd yerlərinə bəslənilən həsrət və məhəbbət duyğuları özünün poetik ifadəsini tapmışdır.
Mənim orta məktəbdən, hətta ibtidai sinifdən əziz müəllimim olmuş, mənə qələm tutmağı, yazmağı və öyrənməyi mənimsətmiş Allahverdi İsa oğlu Kalbalıyev də Qərbi Azərbaycandan - Qafan elindən didərgin salınan və Əlincə kəndində məskunlaşan qiymətli ziyalı və söz adamlarından biri olmuşdur. Vətəndən didərgin düşmənin nisgil və ağrısı onu da şairliyə sövq etmiş, kədərini sözə yükləməyi və hayqırmağı rəva bilmişdir. Allahverdi Kalbalıyevin sağlığında nəşr olunan "Ömrümün yadigarı" şeirlər külliyyatında onun vətən və el dərdini ümumiləşdirən dərin duyğulu lirik şeirləri toplanmışdır. "Göyçə, Zəngəzur qaçqınlarına", "Telli saz məskəni", "Nə xəbərin var?", "Ağlasın", "And yerim", "Qalıb ocağım", "Vətən ağlayır", "Yurd harayı", "Qurban olum", "Həkərim", "Ürəyimdə bir arzum var" kimi şeirləri və müəllifli bayatılarında qoparılmış Vətən torpağının ağrısı yer almışdır. Bu şeirlərin hər birində bütöv Vətənin qoparılmış hissəsinə yanıqlı bir ağı yer almışdır. Dərdli şair "Nə xəbərin var?" şeirində ellərinin həsrətini dilə gətirərək içindəki kədəri, nisgili basdırmaq üçün eloğlundan ümidverici bir xəbər almaq istəyirdi:
Ay el oğlu, qurban olum dilinə.
O doğma ellərdən nə xəbərin var?!
Həsrət qaldıq çiçəyinə, gülünə.
Solmuş çəmənlərdən nə xəbərin var?!
Öz ətri var hər dərənin, hər dağın,
Hər çəmənin, hər çiçəyin, yarpağın.
Sönük qoyduq ana yurdun ocağın.
Saralmış güllərdən nə xəbərin var?
Vətənə bağlılığın, doğma ellərə bəslənilən qırılmaz məhəbbətin nişanəsidir ki, Azərbaycan insanı təkcə güllü-gülüstanlı, bağ-başçalı torpaqları deyil. onun saralıb-solmuş. Viran qlmış hər qarışına nisgil duyur və onun üçün üəyi qubardan paralanır, yara bağlayır. Şair bu və bu kimi şeirlərində də dağılsa da. Viranı qlsa da, talanıb al-əlvanlığından məhrum qalsa da. Öz elinin xatirələrinə bürünərək yaşayır və onun bozarmış, qaralmış torpağına belə məhəbbətini dilə gətirmişdir. Şair xatirələrə bürünərək o doğma eləərdə qoyduğu doğma yer-yurd adlarını çəkir, onları xatırlayır və niskilini dilə gətirir. "Gığı dərəsi", "Xusdub", "Cidalı", "Şuşa, Xocalı, Kəlbəcər, Laçın, İstisu, İsabulağı, Göyçə, Almalı, Mehri, Qarakilsə" kimi yer adları ilə xatirələr düzümünə üz tutaraq didərgin qalan ellərini və didərginliyə salınmış eloğullarını kədərlə xatırlamış, "Ağlar" rədifli şeirində dilə gətirmişdir:
Elə bil xalqıma yazılıb qismət.
Doğma od-ocaqdan didərgin düşmək.
O bizə həsrətdir, biz ona həsrət,
Zəngəzur ünvanlı mahalım ağlar.
Pənahabad - Şuşam tarix sorağım,
Kəlbəcər, Laçınım ömür varağım.
Gözləyir İstisu, İsabulağım,
Ah-nalə içində Xocalım ağlar!
Bu nisgillər qiyamətə silinməz,
Məğrur yurdun əqidəsi yenilməz!
Ocaqların od-alovu kəsilməz,
Gözü yolda Göyçəm, Almalım ağlar.
Allahverdi, haqq nazilər, üzülməz,
Bu dərd elə dərddir, heç vaxt dözülməz.
Özü kömək olsun Gözəgörünməz,
Mehrim, Qarakilsəm, Qatarım ağlar.
Şairin "Yurd harayı" şeiri onunla xarakterikdir ki, burada bötöv bir bədən, can olan Vətənin paralandıqca adbaad ağrısı, kədəri, yanğısı göstərilmiş, kədərin və faciənin ümumi mənzərəsi yaradılmışdır.
Qafan elindən olan, hazırda Kurud kəndində yaşayan Səttarxan İmaməlinin şeirlərində kədərlə mübarizə, niskillə ümid bir arada yer alaraq əksini tapmış, gah kədər, gah ümid ön plana çıxaraq Vətən idealını bütün duyğuları ilə ehtiva etmişdir. "O taylı, bu taylı bütöv bir canam. Beşdən biri qalmış Azərbaycanam!" deyən bütövlük, birlik ideallı şair başqa misralarında ayrı düşmüş, yad ellərdə qalmış vətən torpaqlarına olan həsrət və nisgil duyğularını əks etdirmişdir:
O üzdə ulumun "ruhlar dünyası"
O üzdə babamın damı qalıbdır.
Dağların kimi var, kimi qalıbdır.
Şair bu jəsrət duyöularını bir gün ortadan qaldırıb Vətən torpaqlarını bir-birinə qovuşduracaq mərd, cəsur Azərbaycan övladlarının mübarizə aparacığına da ümid bəsləmiş və inam ifadə etmişdir:
Bu üzlərin igidi var, mərdi var.
Hər igidi keçilməz sədd, nər divar.
O üzlərin fil daşımaz dərdi var.
Məni bükən "o üz" dərdi, Məhəmməd!
Ümumiyyətlə, şair S.İmaməlinin "Qalıbdır", "Məhəmməd", "Qafan dağları", "Xatırladıram", "Gəlir" və b. şeirlərində elindən ayrı düşmüş vətən övladının dərdi, kədəri, həsrət və nisgili yer almışdır. Şair doğulub-böyüdüyü o dogma yerləri xatırlayır, qanında, canında yaşayan dogma ellərin xatirələri ilə ağrıyır, ayrı düşdüyü ellərin həsrətindən dilə gələn duyğularını misralara tökür, yanıb-yaxılır, oxucularını da bu odla dağlayır. Çünki hər bir azərbaycanlı üçün adı nə olursa olsun, elin hər tərəfi vətəndir, dogma yurddur. Şair "Qafan dağları" adlı iki şeirində o yerlərin həsrətini xalqın bədii düşüncəsində Ulu Ata obrazı olaraq yer almış dağlara - Qafan dağlarına müraciətlə deyir, bütün eloğlanlarının dərdindən xəbər verir:
Siz doğan Günəşdən salam göndərin
Mən əsən küləkdən, Qafan dağları.
Siz görüş gününə inam göndərin
Göz qurtulsun şehdən, Qafan dağları.
Yəni bu həsrətin gəlməzmi sonu?
Bir gör ağlar qoymuş neçə milyonu.
Bu yaz da, yəqin ki, geyib al donu
Al güldən, çiçəkdən, Qafan dağları.
Ulu Zəngəzurum, qoca Qafanım,
Sənə çatmayınca yatmaz tufanım.
Qalsam seyrangahım, ölsəm kəfənim
Qismətsə fələkdən, Qafan dağları.
O sənsən - həsrəti burnumda tutan.
O sənsən-əlimdən alınmış Vətən.
Biz qayıdacayıq, bu sənə vədəm.
Türk dönərmi əhddən, Qafan dağları?!
Vətən, yurd həsrətindən doğan yanqılı kədər şairin dayısı Məhəmmədə müraciətlə yazdığı "Məhəmməd" rədifli şeirndə də yer almışdır. Şair Səttarxan İmaməli yazırdı ki, "Söhbət Zəngəzurdan, Qafanımızdan gedir. 1996-cı ildə dayım Məhəmməd və atam Ímamxan hərəsi qorunmaq üçün bir xəncər götürüb pirimiz Cidalını ziyarətə getdilər. Üç gün intizarla gözlədik. Allah qorudu, ziyarətlərini yerinə yetirib, sağ-salamat qayıtdılar" [11]. Adıgedən "Məhəmməd" rədifli şeirində sanki kədərdən od tutub yanır şair, ürəyində vətən, el-oba həsrəti qubar edir, yaraları qan-qan olur:
Dağ başında tala bulud mordu mu?
Ordan baxsam görərmiydim yurdumu?
Səndən başqa kimə deyim dərdimi,
Dərdi bilsin, dərd eləsin, Məhəmməd?!
...Yaralıyam, Qafan adlı yaram var.
Aralıyam, Vətən ilə aram var.
Nə yaxşı ki dost-tanışdan soran var,
Nə yaxşı ki, gəlir səsin, Məhəmməd!
Lakin şair Səttarxan İmaməli ümidlidir, Vətənin ayrı düşən yurd yerlərinin qovuşacağına, bu torpaqları bir-birinə birləşəcəyinə inanır, inam bəsləyir. Şair inanırdı ki, bir qeyrətli, uzaqgörən vətən oğlu xalqın bu kədərinə son qoyub, onun qeyrətli övladlarının gücünü birləşdirərək bu ayrı düşən ərazilərimizi də birləşdirəcək, Vətənə qaytaracaq:
Ínşallah, dönəcəyəm yurduma.
Ínamım var rəhbərimə, orduma!
Siz dostlarım şərik çıxın dərdimə,
Harda düşdü, deyiz dərdi, Məhəmməd!!!
Və yaxud:
Bir savaş istərəm, müqəddəs savaş.
Lap istər qalmasın daş üstündə daş!
Torpaq udsa məni, etmərəm təlaş
Ağlıma anamın ağuşu gəlir.
Başlayıb qiyamət, çalınıb ta sur.
Qalx, ey şəhid ruhum, cənnət üçün , dur!
ÍnşaAllah, birləşir bölük Zəngəzur.
Gözləsin batısın doğusu, gəlir!
Şair Ulu Öndər varisinə, Azərbaycanın yeni liderinə tam qəlbi ilə inanırdı və inamında da haqlı çıxdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən qərarları və Azərbaycan Milli Ordusunun əzmi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Suqovuşandan, Zəngilandan başlayaraq Şuşaya, Qarabağa qədər Zəfər əldə edərək xalqımızın başına açılmış 200 illik tarixi problemi ortadan qaldırdı və Vətən torpaqlarının birliyinə, bütövlüyünə nail oldu. Azərbaycan Ordusunun bu tarixi qələbəsindən, müqəddəs Şuşa və Xankəndi şəhərlərinə girişindən sevinən şair bir gün Qafan elinə, İrəvana da dönüş olacağına inamını əminliklə dilə gətirirdi:
Bu gün Xankəndimdə yanan tonqalım
Írəvanımda da yanar, ÍnşaAllah!
Qəsdim olmayıb ki, qəsbkar olum.
Xalqım öz yurduna dönər , ÍnşaAllah!
Zəngəzurumuzdan yol gələr, keçər.
Bu yolunan ağır el gələr, keçər.
Bu birlik həsrəti kölgələr, keçər.
Qalxar Turan adlı çinar, ÍnşaAllah!
RAMİZ QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru